Buzlaqlarda qadın”

 

 

 

   Bakıda litvalı rejissorun filmi nümayiş olunub

  

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib.

   A.Stonys görüşdə tamaşaçılara rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib.

   Sənədli filmin Qazaxıstanda çəkildiyini bildirən rejissor deyib: “Filmin tarixi çox sadədir. Dostum mənə Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Çinin sərhədləri arasında yerləşən Tyan-Şan dağında sadiq itipişiyi ilə 30 ildir tənha yaşayan litvalı qadın alim Ausra Revutaite haqqında danışdı. O, dəniz səviyyəsindən təxminən 3500 metr yüksəklikdə yerləşən, keçmiş sovet dövründən qalmış araşdırma stansiyasında Tuyuksu buzlaqlarında iqlim dəyişikliyini öyrənirdi. Həmin qadın ona bu cəsarəti gətirən təkliyi və sükutu sevirdi. Bu əhvalat diqqətimi çəkdi, necə ola bilər ki, insan öz həyatını çətin şəraitli dağlar, buzlaqlar qoynunda keçirsin?! Bizim nə dağımız, nə buzlağımız var. Bu qadının həyatını, keçirdiyi hissləri lentə almaq mənim üçün çox maraqlı gəldi”.

   Sonra rejissorunBuzlaqlarda qadın” filmi nümayiş olunub.

   Qeyd edək ki, A.Stonys 2002-ci ildə Litva Milli mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 20 oktyabr.-S.8.