Musiqili Teatrda “Balaca şahzadə” müzikli
hazırlanır
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva tamaşanın məşqlərini
izləyib
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub. Leyla Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. Qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə diqqət və etimad göstərilir. Teatrın repertuarındakı bütün tamaşalarda əsas rollarda çıxış edən gənclər də bu etimadı doğrultmağa çalışırlar. Diqqətə çatdırılıb ki, “Balaca şahzadə” teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk müzikl olacaq.
Tamaşanın məşq prosesindən razı qaldıqlarını söyləyən Leyla xanım və qonaqlar yaradıcı gənclərə qayğının vacibliyini vurğulayıblar. “Çox gözəl tamaşa alınacaq. Məşq olmasına baxmayaraq, aktyorların oyununa valeh oldum. Xüsusən gənclərin gözlərindəki yaradıcılıq eşqi məni heyran etdi. Mən sizin teatrda “O olmasın, bu olsun” tamaşasına baxmışdım. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, xüsusən kostyumlar valehedici idi. Hər dəfə bu tamaşanı xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, “Balaca şahzadə” tamaşası da uğurlu olacaq, bu, artıq indidən görünür. Musiqili Teatrın belə uğurlu işlərinə biz də sevinirik”, - deyə Leyla Əliyeva bildirib. O, tamaşanın iştirakçıları ilə fotoşəkil çəkdirib.
Görüşdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov gənclərə öz tövsiyələrini bildirib, hazırlanan tamaşa haqqında təəssüratlarını bölüşüblər.
Qeyd edək ki,
beynəlxalq layihə kimi hazırlanan
tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı
ABŞ-ı təmsil edən həmyerlimiz, beynəlxalq
müsabiqələr laureatı Ruslan Ağababayev, xoreoqrafı Rusiya
Federasiyası Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster
Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Məryəm
Ələkbərli, rejissoru Əməkdar
artist Nofəl Vəliyevdir.
Tamaşanın səhnə qrafikası Mehdi
Məmmədova məxsusdur. Balaca şahzadə
obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru -
adı “Qızıl kitab”a
yazılan, Prezident təqaüdçüsü
Atilla Məmmədov və Rahib
Məmmədov canlandırır. Digər rolları əməkdar
artistlər Ələkbər Əliyev, Anton
Ferştandt, Şövqi
Hüseynov və başqaları ifa edirlər.
Mədəniyyət.- 2017.- 25
oktyabr.- S.7.