Beynəlxalq kulinariya günü qeyd olunub

 

 

 

   Oktyabrın 20-də Bakıda Beynəlxalq kulinariya günü münasibətilə tədbir keçirilib. Tədbir qədim mətbəx nümunələrimizdən olan fisincana həsr olunub.

   Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov günün tarixi barədə məlumat verib.

   Bildirib ki, Dünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq kulinariya günü kimi keçirilməsi haqda qərar qəbul edib. Bu gün Azərbaycanda 2007-ci ildən etibarən qeyd olunur.

   Bildirilib ki, ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür. Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.

   Fisincanın tarixi haqqında məlumat verən T.Əmiraslanov deyib ki, bu yemək ölkəmizin bir çox bölgələrində bişirilir. Bu günə kimi həmin xörəyin 20 növünü bərpa etmişik.

   Bakıya yeni gəldiyini deyən kulinariya tədqiqatçısı Yakir Levy burada ölkəmizin mətbəxi haqqında öyrəndiyini söyləyib. “Biz İsraildə mətbəx nümunələrinin tədqiqatını aparıb onlar haqqında məqalələr yazırıq. Eyni zamanda, Los-Ancelesdə yeməklərin necə bişirilməsi barədə kitablar çap edirik. Bu günə qədər 3 dildə 23 kitab nəşr etmişik. Biz buraya Azərbaycan mətbəxinin oxşar və fərqli cəhətlərini öyrənməyə gəlmişik”, - deyə qonaq bildirib.

   Sonda bir qrup aşpaz diplomlarla təltif olunub.

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.9.