Yarımçıq ömür, bütöv sənət...

 

 

 

   Azərbaycan musiqisinə ilk... ən qocamanroman”-romans bəxş etmiş nakam gənc - 23 yaşlı Asəf Zeynallı

  

   Hə, hörmətli oxucu-dinləyicilər, bildiyiniz kimi, musiqi əsərlərinin təqdimatında iki ad çəkilir: öncə bəstəkarın, sonca mətn müəllifinin. Bəs bunu da bilirmisiz ki, yüz ilə yaxındır yüksək zövqlülərinizin qəlbüstü melofaktı olan “Ölkəm” adlı şedevr-romansın hər iki müəllifinin ömrü yarımçıq? Zeynallı Asəf 23, Cabbarlı Cəfər 35 yaşında...   

   Amma belə bir fikrə hamı şərik ki; iyirmi üç yaş, olsa-olsa, tələbə yaşıdır - bu sayaq zirvə, belə bir qələbə yaşı deyil. Və bu məqamda o romansdakı “...var ölkəmin” rədifinə müqabilən deyək ki, onların simasında - əbədi gənc dahiləri var, müasir mədəniyyət nəticələrimizin şöhrət səbəbkarları var, ölkəmizin!..

   Bu ölümsüz sənətkarın ölüm yaşı çoxları üçün heç olum yaşı da (özünütəsdiq-təqdim anlamında) olmayıb, deyilolmayacaq. Təcrübəlilər iyirmi üçü evlənməyə də məqbul hesab etmirlər. O isə bu yaşa qədər məmləkətimizin mədəniyyət butası dalısıyca çöllənə-çöllənə, sənət eşqilə şellənə-şellənə, şərqilənə-nəğmələnə gəzib-dolaşıb. Əgər bizonun rübabında köklənib, könlümüzü onun notlarıyla çalsaq, başdan-başa reallıq saçan, güllü-çiçəkli yaz yayımlayıb, qızılı payız sərgiləyən bir noğullu nağıl yaşayarıq...

   Bir çox əcnəbi xalqların da təsdiq etdiyi kimi, bizim musiqili dilimizin dastan, nağıl qolu yüyrəkdir. Belə ki, bu qəhrəmanımız həmin bu təhkiyeyi-nağıl-noğul üsulubuyla az getdi, piano-fortepiano-saz getdi, dərə-təpə yüz tapdı. “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran”, “Muğamsayağı”, “Çahargah”, “Uşaq süitası” və sair instrumental (fundamental!) addımlarıyla otuz doqquz qapı açdı, qırxıncıda sənət-padşahın “Ölkəm” adlı gömgözəl, qəpqəşəng “qız”ına ürcah oldu. Başda bu qənirsiz gözəl olmaqla, xalqın təsəvvür-təsəvvüf “zindan”ından xilasi-kəşf etdiyi sazəndə-nazəndələri elə xalqın özünə nişanladı. Onları öz sahibinə ismarlayıb, yeni-yeni butalar ardınca düşdü. Daha neçə-neçə könül qənimətləri toplasa da, onları cəm edib ram eləyə bilmədi. Nədən ki, belə səfərlərin birində möhkəm sətəlcəm oldu və... az qala bir simfoniyalıq müddət ərzində ömrün akkordu vuruldu və qələm buyoxluğuvar etmək istəməsə də, öldü...

   Öldü”? Fərqindəsizmi, musiqidə, mahnıda ən çətin oturulan məsələ suallardır. Və... musiqi sənətində bir not, bir takt nədirsə, söz sənətində də, bəzən, bir hərf elə odur. Məsələn, sənəd və sənət. Demək istəyirəm ki, Asəf Zeynallı sənəddə əbədi getdi, sənətdə isə əbədi qaldı. 1932-ci il oktyabrın 27-də əhalimizin statistik sayından biri azaldı, milli mədəniyyətimizdəki ünlü adlardan biri isə artdı!

  

   “Dərbənd aralı”...

  

   Tarixi-toponimik baxımdan maraqlı, siyasi mənsubluq sarıdan məlallı bir ünvanda - Dərbənddə anadan olub. Doğum tarixçəsi də xoş ovqat saçır - bu qəni-qəni rəhmətliyin, yeri behiştliyin. Bahar vaxtı - 1909-cu ilin 5 aprelində. Alın yazısı təbiət yazında yazılmış bu gəncin fotoşəkilləri də adama az söz demir. Baxışları hələ yazılmamış neçə-neçə şedevrlər saçır...

   Yuxarıda butalardan danışdım. Dastanlarımızda yuxuda verilən butalara bənzəmirdi, “sevgili-yar”lıq deyildi onun butası - istedadi sənət-səfərdarlıq idi. Siz onun əsərlərini dinləyərkən nə hisslər keçirirsiz, - bilmirəm. Amma mən həmişə Rübabə Muradovanın oxuduğu “Qaragilə” mahnısının nəqaratını da xatırlayıram. Xüsusən, “Dərbənd aralı, könlüm yaralı” “giriş”indən sonrakı “Bir qız sevmişəm, Qaragilə, dağlar maralı...” kimi yarı lirik, yarı epik könül bəyannaməsindən yana...

   Və... çoxcəhətli fəaliyyəti gənc bəstəkarın şöhrətlənməsilə bərabər, səhhətinin korlanmasını da sürətləndirirdi. O, normal qida və həyati-estetik fərəh üçün yüksək maaş, minimum mənzil-məişət şəraitindən məhrum olmasına baxmayaraq, böyük sənətkarımız Bülbüllə birgə, xalq mahnılarını toplayıb nota köçürməyə başlayır və səfərlərindən sonuncusu Şəki-Zaqatala zonası ekspedisiyası olur, 1932-ci il oktyabrın 27-də dünyasını dəyişir...

   Ancaq, ölümdən əvvəl -

  

   Olum var...

  

   1806-cı ildə Rusiya - yüzillər boyu Azərbaycanla eyni inzibati vahiddə olan Dərbəndi işğal etdi, xalqın milli-mübariz qismi dağlara çəkilib, əcnəbi ağalığa qarşı silahlı mübarizə apardı, mülayim-loyal qisim bu inzibati bölgüyə əhəmiyyət vermədən öz dil, dinmilli mədəniyyətini qoruyub-saxlamağa, elitar-irfani qövmü isə Azərbaycanla əlaqəni daha da aktivləşdirməyə başladı. Sonuncu qisim nümayəndələrindən biri olan Asəf həmin işğaldan təxminən yüz il sonra Azərbaycana gəldi, özündən cəmi 10 yaş böyük C.Cabbarlının Azərbaycan Xalq Cümhuriyyətinin ilk ildönümü münasibətilə yazdığı “Ölkəm” şeirini düz 10 il sonra musiqi müstəvisində də canlandırmaqla, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk Azərbaycan nümunəsini yaratmış oldu...

   Dağıstandan milli kadrlar hazırlığı üçün Azərbaycana göndərilən yeniyetmələr arasındakı bu “növbəti” gənc Bakı Musiqi Texnikumu təhsilindən sonra Konservatoriyaya daxil olur, tələbə ikən Bakı Türk İşçi Teatrının müdiri işləyir, 22 yaşında Azərbaycan Proletar Musiqiçilər Birliyinə sədr seçilir, bir neçə tamaşaya musiqi yazır, iriformatlı “Fraqmentlər” süitası ilə Sovetlər Birliyində yaşayan türk xalqları ümumunda simfonik musiqinin ilk nümunəsini yaratmış, “Uşaq süitası” ilə Azərbaycanda uşaq musiqisinin əsasını qoymuş olur. Bir sıra romans, kamera-vokal, simfonikinstrumental əsərləri onun şöhrətini Azərbaycandan uzaqlara yayır. Ölkədə milli dəyərlərə qarşı “Oxuma, tar!” kimi nidalar səsləndiyi bir zamanda o, milli musiqimizə sahib çıxanlar sırasında dayanır, “Çahargah”, “Durna”, skripkafortepiano üçün “Muğamsayağı” pyeslərini yazmaqla, elələrinə və dolayısilə, mövcud hakimiyyətə meydan oxuyur.

   Sözümüzü sona yetirən -

  

   Bir xatirə

  

   Qardaşı qızı Elmira Zeynallı:

   “Əmim mənə danışırdı ki, bir dəfə Təzəpir məscidinin yanından keçərkən azan səsi eşidib dayanan Asəfdən soruşub ki, nə oldu, deyib, heç, bu səsi xəyalımda nota alırdım...

   Tələbələrindən T.Quliyev, C.Hacıyev, Q.Qarayev, Əminə Dilbazi onun haqqında bütün ürəklərilə danışırdılar! Tofiq Quliyev deyirdi ki, Asəf müəllimi hamımız çox sevirdik, mənsə, onu qarabaqara izləyirdim! Fəxr edirdim ki, onun tələbəsiyəm!

    ...Nənəm çox pis keçirib onun vəfatını. Hələ dostları! Anam danışırdı ki, dostları onun ölümünə inanmırmışlar. H.Sarabski özünü saxlaya bilmir, elə hey ağlayırmış.

   Mənim bu qəşəng əmim gənc qızların da sevimlisi olub. Deyilənlərə görə, çox yaxın dost olduğu Kövkəb xanım Səfərəliyevanın (Musiqi məktəbinin direktoru) ondan çox xoşu gəlirmiş, sevirmiş Asəfi. Neçə-neçə xanımların ürəyi gedirmiş Asəfdən ötrü. Kövkəb xanım isə onu sidq-sevgi ilə istəyib və... heç kimlə ailə qurmayıb.

   Asəf özü isə Leninqrad konsertlərinin birində bir rus qızından xoşu gəlibmiş, lakin nənəm onunla evlənməsinə icazə verməyib. O qız Asəfin dəfninə də gəlibmiş. Anam deyirdi, görən kimi başa düşdük həmin qızdır, yaxşı da qarşıladıq...”

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 25 oktyabr.- S.13.