Yaradıcılıq gəlir gətirməlidir

 

 

 

   "İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq" forumundan qeydlər

  

   Oktyabrın 25-i və 26-da Bakıdakı Daş Salnamə Muzeyində Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq" proqramı çərçivəsində "İnnovasiyalarinkişaf üçün mədəniyyət və yaradıcılıq" forumu keçirildi.

   Tədbirin ilk günü tələbələr üçünTeamLab Azərbaycan" yaradıcı biznesin inkişafına dair çoxsahəli seminar baş tutdu. Paytaxtın müxtəlif ali məktəblərində Təhsil Nazirliyinin SABAH proqramı üzrə təhsil alan 60-dək tələbə səriştəli mentorların köməyilə yaradıcı biznes planlarını işləyib hazırlamalı idilər. Estoniyadan olan mentorlar Rait ArroYeva Limet gənclərə “daim kitab oxuyun, arzularınızın ardınca gedin”, “sən bacarmazsan" deyənləri dinləməyin”, “mövcud psixoloji komfort zonasından çıxın” kimi tövsiyələr verdikdən sonra meydan tələbələrə verildi. Təxminən otuz tələbə öz ideyalarını paylaşıb işçi qrup yaratdılar.

   Ola bilsin ki, həmin gün söylənilən, araşdırılan ideyaların 70-80 faizi elə kağız üzərində qalacaq. Lakin onlar bir gün ərzində birlikdə çalışmaq təcrübəsi qazandılar, fikir mübadiləsi etdilər. Yəqin "Creative TeamLab Azerbaijan" seminarında keçirdikləri saatları da unutmayacaqlar.

   Oktyabrın 26-da isə forum işini fərqli müstəvidə davam etdirdi. Mədəniyyət və Turizm Nazirliyi, digər nazirliklərin, Avropa İttifaqı və "British Council" təşkilatının nümayəndələri, tanınmış avropalı ekspertlər, yaradıcı sahələr ilə məşğul olan sahibkarlar, rəssamlar, mədəniyyət menecerləri və başqaları tədbirə qatılmışdı.

   Açılış sessiyasında "British Council-Ukrayna”nın direktoru Simon Uilyams, "Mədəniyyət və yaradıcılıq" proqramının komanda rəhbəri Tim Uilyams, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Marion Mitçke çıxış etdilər.

   Tim Uilyams layihənin əhəmiyyəti haqqında və üç il ərzində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, hazırda yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində ÜDM-in 4,2 faizi onun payına düşür, gəlirin məbləği isə 535,9 milyard avro təşkil edir. Avropa İttifaqı ölkələrinin iqtisadi fəal əhalisinin 3,3 faizi - 7 milyon insan mədəniyyət və yaradıcılıq sahələrində çalışır.

   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında Avropa İttifaqı ilə əməkdaşlıq tarixindən, kreativliyin müasir iqtisadiyyatda rolundan, ölkənin mədəniyyətinin və mədəni müxtəlifliyinin qorunması yollarından bəhs etdi. Şöbə müdiri ölkəmizin qloballaşma şəraitində üzləşdiyi çağırışları auditoriyanın diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, həmin yerlərdə mədəniyyət abidələri dağıdılıb. Qaçqın və məcburi köçkünlərin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" layihəsi ilə keçirilən tədbir və proqramlara cəlb edilməsi faydalı olardı.

   SABAH proqramının direktoru Şahin Seyidzadə bu layihədə tərəfdaş olaraq görülən işlərdən söz açdı.

   Kanadalı beynəlxalq ekspert Simon Ellis "Azərbaycanda mədəniyyətin təsiri barədə nə bilirik" adlı statistika məlumatlarının müqayisəsini apardı. Xüsusilə kənd yerlərində qadınların əl işi ilə məşğul olmasının vacibliyini vurğuladı.

   "Mədəniyyət və yaradıcılıq" proqramı çərçivəsində ölkəmizdə araşdırma aparmış Kristina Farinha "Azərbaycanda yaradıcılıq sahələrinin yaradılması üçün tövsiyələr - imkanlar və çətinliklər" adlı məruzəni təqdim etdi. Samer Yamani (İspaniya), Əsmər Abdullayeva (Azərbaycan) yaradıcı iqtisadiyyat ilə bağlı fikirlərini bölüşdülər.

   Proqram çərçivəsində Azərbaycanda film sahəsi üzrə araşdırmanın müəllifi Zora Jaurova (Slovakiya) ilə Azərbaycanda Film komissiyasının yaradılmasıyla əlaqədar konseptual sənədin müəllifi Fikrin Bektaşinin (Azərbaycan) məruzələri üst-üstə düşən məqamlarla yadda qaldı.

   Milli İncəsənət Muzeyinin İnnovasiyalar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Əminə Məlikova “Kəlağayı” brendi, Murad Dadaşov təsisçisi olduğu "M Group Production" şirkətinin, Tatyana Mikayılova "Communacations", Cavid Quliyev "Hypnotica" şirkətlərinin yaradıcılıq istiqamətləri barədə danışdılar.

   Sloveniyadan gəlmiş Luka Piskoriç, Slovakiyanı təmsil edən memar Piter Lenyi mədəniyyət və yaradıcılıq mərkəzlərinin yaradılması təcrübəsindən bəhs etdilər.

   Forum konsert proqramı ilə başa çatdı. Daş Salnamə Muzeyinin divarları arasında "Natiq" ritm qrupunun çıxışı həm simvolik məna daşıyırdı.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.5.