“İpək Yolu Odisseyi” Bakıya gəlib

 

 

 

   Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisinin açılışı olub.

   Mərasimdə çıxış edən “Hennessy Evinin prezidenti Bernard Peiyon tarixi İpək Yolu ilə bağlı layihənin unikal memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

   Böyük İpək Yolu iki min ilə yaxındır ki, dəyərləri birləşdirir, insanları bir-birinə yaxın edir”, - deyən B.Peiyon qeyd edib ki, 7 ölkə, yeddi müxtəlif şəhərdən olan 7 rəssam bu dəfə İpək Yolunu fərqli baxışlardan göstərməyə çalışıb.

   Sərginin kuratoru, beynəlxalq incəsənət eksperti Erve Mikaelof 10 ilə yaxındır Heydər Əliyev Fondu ilə əməkdaşlıq etdiyini xatırladıb. O, ötən müddətdə reallaşan layihələr çərçivəsində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan rəssamlarının Heydər Əliyev Fondunun sayəsində ölkənin müasir incəsənətini dünyada uğurla tanıtdığını deyən E.Mikaelof görülmüş bütün bu işlərə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

   İnsanlar və mədəniyyətləri birləşdirən “İpək Yolu Odisseyi”ndə təmsil olunan rəssam Rəşad Ələkbərov bu layihənin maraqlı anlarla və təcrübələrlə yadda qaldığını deyib.

   Qeyd edək ki, “Hennessy X.O” və “National Geographic” jurnalının təqdim etdiyi “İpək Yolu Odisseyi” Fransanın Konyak əyalətindən başlayıb. Bu yaddaqalan anları yaşamaq üçünHennessy” şirkətinin doğma şəhərinə dəvət olunmuş “İpək Yolu Odisseyinin 7 iştirakçı rəssamı 7 orijinal sənət əsəri yaradıb.

   Burçak Bingöl (İstanbul), Roko İremaşvili (Tbilisi), Rəşad Ələkbərov (Bakı), Vyaçeslav Useynov (Daşkənd), Viktor Sirnev (Bişkek), Asxat Axmedyarov (Astana) və Yin Xiuzhenin (Pekin) əsərləri iki həftə ərzində Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

 

Mədəniyyət.- 2017.- 27 oktyabr.- S.8.