Şərqlə Qərbin arasında...

 

 

 

   Rusiya mətbuatında Azərbaycan turizmindən bəhs edən daha bir məqalə yayımlanıb

  

   Rusiyanın “Lofficiel” dərgisinin avqust-sentyabr buraxılışında ölkəmizə həsr olunan “Şərqlə Qərbin arasında” adlı məqalə dərc edilib.

   Jurnalın redaktoru Maksim Andriyanovun qələmə aldığı məqalədə deyilir ki, Bakı təkcə dadlı mətbəxi ilə deyil, həm də əsrarəngiz memarlıq abidələri və əla şopinq məkanı olması ilə fəxr edə bilər. Müəllif Azərbaycana ilk gəlişinin payız ayına, 4 il bundan əvvəl “Nar bayramı”na təsadüf etdiyindən söz açır. Bakının gözoxşayan binaları, İçərişəhər, teatr, muzey və ticarət mərkəzlərindəki paytaxt macəralarından bəhs edən qonaq bu gözəlliklərin seyrindən sonra Azərbaycanın bölgələrini tanımağa üz tutduğunu vurğulayır.

   Yolunu ilk olaraq Şəkidən salan M.Andriyanov buradakı tarixi memarlıq abidələri, İpək Yolu üzərində yerləşən şəhərlərdən söz açır. Görkəmli rus şairi Puşkinrus rəssamı Q.Qaqarinin Şamaxıdan bəhs edən yaradıcılıq nümunələrini misal gətirərək Azərbaycanın qədim şeir-sənət məkanına səyahətinin özəlliklərini qələmə alır.

   Daha sonra məqalədə Bakıya ikinci gəlişindən söz açan müəllif səfərinin paytaxtımızda təşkil olunan ilk Şopinq festivalı ərəfəsinə təsadüf etməsini məmnunluqla qeyd edir. Bildirir ki, Bakı rusiyalı turistlər üçün Şərq koloriti, Şərqdən gələn turistlər üçünsə Avropa şəhəri missiyasını özündə cəm edir. İkinci gəlişində şəhərin daha da gözəlləşdiyini diqqətə çatdıraraq buranın turistlər üçün dinc və təhlükəsiz məkan olduğunu əminliklə vurğulayır: “Bakı qədim memarlıq abidələri, islam sivilizasiyası ilə yanaşı, sovet tarixini özündə yaşadan qonaqpərvər və öz günəşinin istisindən bütün insanlara pay verməyə hazır sülhsevər şəhərdir”.

   Müəllif səfəri zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşünü və müsahibəsindən bəzi məqamları oxucularla bölüşür. Nazir qonağa bildirir ki, Şopinq festival Azərbaycanın turizm potensialının inkişafına xidmət edən layihələrdən biridir. Festival nəticəsində ötən illərə nisbətən ölkəmizə turist axını xeyli çox olub. Eyni zamanda Azərbaycan mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu sırada Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-prisi, İslam Həmrəylik Oyunları, Bakı Qlobal Forumu, Bakı Beynəlxalq Caz Festivalı, Beynəlxalq Rostropoviç Festivalı və s. əhəmiyyətli tədbirləri qeyd etmək olar: “Bütün bu saydıqlarım həm də Azərbaycanın imicinə, tanıdılmasına, turizmin inkişafına öz töhfələrini verir”.

   Əbülfəs Qarayev vurğulayır ki, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələrdən biridir. Belə ki, məşhur Nimbeo.com saytının 125 ölkə və 378 şəhər arasında apardığı tədqiqat nəticəsində Azərbaycan təhlükəsizlik baxımından ilk 20-likdə yer alır. Daha sonra nazir Şopinq festivalın özəllikləri, Azərbaycanın turizm imkanları haqqında geniş məlumatı qonağın diqqətinə çatdırır və bildirir ki, Bakı turistlərin pullarını qənaətlə xərcləyə biləcəkləri şəhərdir.

   Məqalənin sonunda müəllif dostlara hədiyyə aparılacaq çoxsaylı suvenirlər, Azərbaycanın mətbəx nümunələrinin doyulmayacaq dadından bəhs edərək günəşli şəhərə mütləq yenidən qayıdacağını diqqətə çatdırır.

  

   Hazırladı: Lalə Azəri  

 

Mədəniyyət.- 2017.- 1 sentyabr.- S.5.