Tar ifaçılığı sənətinin görkəmli nümayəndəsi

 

 

 

   Musiqi mədəniyyəti tariximizə diqqət yetirdikdə onun necə də zəngin olduğunu, dərin köklər üzərində dayandığını görürük. Bu zənginliyi yaradan isə mədəniyyətimizin inkişafına mühüm töhfələr verən görkəmli musiqiçilərdir. Azərbaycan tar ifaçılığı sənətində Əməkdar artist Əhsən Dadaşovun adı həmişə hörmətlə çəkilir.

   Əhsən Əliabbas oğlu Dadaşov 4 sentyabr 1924-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini 22 saylı orta məktəbdə alır. Bir gün məktəbdən evə dönərkən yolu Azərbaycan Dövlət Musiqi Texnikumunun qarşısından düşür. Divara vurulan qəbul elanını oxuyur. Valideynlərindən xəbərsiz sənədlərini hazırlayıb təhsil ocağının tar sinfinə verir. Qəbul imtahanı götürən tarzən Ənvər Mənsurov gəncin istedadını görürdeyir: “Musiqini qavramağından hiss etdim ki, gələcəkdə ustad sənətkar olacaqsan”.

   Beləliklə, Əhsən Dadaşov 1938-ci ildə texnikuma daxil olur. Onun sənət müəllimləri görkəmli musiqiçilər, bəstəkar Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov olur. Bu sənətkarlardan klassik muğam ifaçılığının xüsusiyyətlərini, məna çalarlarını dərindən öyrənir. Sonralar onu daha da inkişaf etdirirbu sənətin qüdrətli davamçılarından birinə çevrilir. Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti-dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” və s. muğamları bu gün də Azərbaycan TeleviziyaRadio Verilişləri QSC-nin “qızıl fondunda saxlanılır.

   O, hər çıxışında muğama yeni xallar, zəngin musiqi çalarları əlavə edib. Bu başlıca xüsusiyyət Ə.Dadaşovun ustad tarzən olmaqla bərabər onun tükənmək bilməyən fantaziyaya, oriyentasiyaya sahib olduğunu ortaya qoyub.

   Araşdırmalardan məlum olur ki, 1937-ci ilin repressiyası onların ailəsindən də yan keçmir, atası repressiyaya məruz qalır. Ancaq bu məhrumiyyət və çətinliklər gənc musiqiçini ruhdan salmır. O öz üzərində daha çox çalışır. Qısa bir vaxt ərzində məktəbin açıq konsertlərində fəal çıxışlar edir, müvəffəqiyyət qazanır.

   Mənbələrdə göstərilir ki, konsertlərin birində Əhsən DadaşovŞur” muğamını çalır. Tədbirdə iştirak edən dahi bəstəkar Üzeyir Hacıbəyli onun çalğısını yüksək qiymətləndirir və deyir: “Əhsən” sənə, Əhsən!” Bu xeyir-dua gənc tarzənin sənətə marağını daha da artırır. Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun da diqqətini cəlb edir. Rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrinə işə qəbul etmək istəyir. Ancaq Əhsən Dadaşovun yaşı az olduğuna görə bir qədər gözləməli olur. O zaman belə bir ifadə işlədir: “Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma tar çalmaq pasportunu çoxdan alıb...”

   Ə.Dadaşov 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi orkestrə qəbul edilir. Görkəmli bəstəkar gənc tarzənə xüsusi qayğı ilə yanaşır, sənətkar kimi formalaşması üçün böyük səy göstərir. Nəticədə o, kollektivin yaradıcı simalarından birinə çevrilir.

   40 ilə yaxın yaradıcılıq yolu keçən tarzən solist, müşayiətçi, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəkar, pedaqoq kimi ad çıxarıb. Bu sahələrin hər birində professionallıq özünü göstərib.

   Ə.Dadaşov 1953-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Tələbə və gənclərin IV Ümumdünya musiqi festivalının laureatı, 1957-ci ildə isə Moskvada keçirilən VI Ümumdünya musiqi festivalının qızıl mükafatçısı olur. İstedadlı sənətkarın xidmətləri yüksək qiymətləndirilir, 1959-cu ildə Əməkdar artist fəxri adı verilir.

   Görkəmli tarzən 1960-cı ildə Azərbaycan TeleviziyaRadio Verilişləri QSC-nin nəzdində Xalq çalğı alətləri ansamblını yaradır. Ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olur. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı Ə.Dadaşovun adını daşıyır.

   Əhsən Dadaşov yaradıcılığının coşqun çağlarında 30 may 1976-cı ildə, 52 yaşında vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 6 sentyabr.- S.12.