Ölkəmiz Moskvada kitab sərgi-yarmarkasında təmsil olunur

 

 

   Sentyabrın 6-da Rusiya Federasiyasının paytaxtı Moskvada 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb.

   Sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə 21 kvadratmetrlik sahədə qurulan stenddə ölkəmizin kitabları da nümayiş etdirilir.

   Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmiturizm imkanlarını əks etdirən müxtəlif nəşrlər, təbliğat materialları ziyarətçilərə təqdim olunur.

   Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Aparatı rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin baş məsləhətçisi Elbəy Əli, Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, "Azərkitab" kitab ticarəti mərkəzinin əməkdaşları və başqaları daxildir.

   Azərbaycan guşəsi sərgi-yarmarkanın ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

   Rusiya mediası da sərgi-yarmarka barədə xəbərlərində Azərbaycanın tədbirdə iştirakına diqqət ayırır. Qeyd olunur ki, stendimizdə 150 addan çox kitabçap məhsulları nümayiş olunur. Sərgidə Qarabağ həqiqətlərini əks etdirən ədəbiyyata xüsusi yer ayrılıb.

   Nazirliyin əməkdaşı Elbəy Əli bildirib ki, Azərbaycan hər il dünyanın müxtəlif ölkələrində keçirilən kitab sərgilərində iştirak edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi hər il onlarla kitabın nəşrinə dəstək verir. Müxtəlif dillərdə nəşr olunan kitabçap məhsulları həm də beynəlxalq tədbirlərdə iştirak üçün əhəmiyyət kəsb edir.

   Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova bildirib ki, ölkənin müxtəlif sərgilərdə iştirakı onun zənginliklərinin təbliğinə xidmət edir. Moskva sərgisinə gətirilən məhsulların hər birində Azərbaycanın tarixi, elmi və mədəni sərvətini əks etdirən məlumatlar yer alır. Sərgi-yarmarka öz işini başa çatdırdıqdan sonra bütün kitablar ölkəmizin Rusiyadakı səfirliyinə təqdim ediləcək.

   30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 10-dək davam edəcək.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 8 sentyabr.- S.5.