Rəqs sənətinə sonsuz sevgi

 

 

   “Azərbaycan-İran rəqs gecəsi” tamaşaçılara unudulmaz anlar yaşatdı

  

   Sentyabrın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə İrandan gələn “Günay” rəqs kollektivinin birgə konserti keçirildi. “Azərbaycan-İran folklor rəqs gecəsi” adlı proqramda rəngarəng rəqs nümunələri təqdim edildi.   

   Milli üslubda qurulmuş səhnədə bir-birini əvəz edən rəqs nömrələri “Günay” rəqs kollektivinin yorulmaz, enerjili əhvalını tamaşaçı zalına ötürürdü. Səhnədə dizayn edilmiş keçmişlə bu gün arasındakı körpü həm də İran və Azərbaycan mədəniyyətləri arasında bağları ehtiva edirdi.

   “Günay”ın yaradıcısı və rəhbəri Mandana Talibi konsertdən əvvəl bizimlə söhbətində bildirdi ki, İranda peşəkar şəkildə rəqslə məşğul olmaq imkanı olmadığı üçün 15 il əvvəl özü müstəqil olaraq rəqs sənətini öyrənməyə başlayıb: “İlk məktəbim də elə Azərbaycan rəqs məktəbi oldu. Müxtəlif ölkələrin rəqslərini özəl öyrəndim və düşündüm ki, bu işi davam etdirim. Uşaq yaşlarımdan Azərbaycan rəqslərinə böyük marağım və sevgim var idi. Yaşım artdıqca Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışlarını mütəmadi izləməyə başladım və onlardan öyrənməyi qərarlaşdırdım. İxtisasım kompüter mühəndisliyi olsa da, Azərbaycana gəlib Xalq artisti Cəmilə Bayramovadan rəqs dərsləri aldım. Daha sonraGünay” rəqs kollektivini yaratdım. Ansambl yalnız xanımlardan ibarətdir. Uşaqlardan ibarət digər bir qrupumuz da var. Çox zaman yalnız xanımlar üçün konsertlərlə çıxış edirik. Çıxışlarımız böyük maraqla qarşılanır”.

   İranlı qonaq ötən il Dövlət Mahnı və Rəqs Ansamblının 80 illik yubileyində bir neçə nömrə təqdim etdiklərini dedi: “Bundan əlavə, Türkiyə, İspaniyaFransada çıxışlarımız olub. Festivallarda iştirak edirik. Bütün bu səfərlər kollektivin öz hesabına təşkil edilir. Bu isə kollektivdə məşğul olan xanımların rəqs sənətinə olan sevgisinin nümunəsidir. Azərbaycan Dövlət Filarmoniyasının mənim rəqqasə kimi yetişməyimdə böyük rolu olub. Beş ildən artıqdır ki, əlaqələrim var. Azərbaycan rəqqasələrinə də İran rəqslərini öyrətmək imkanım olub. Bugünkü proqramda hər iki ölkənin rəqqasələri həm İran, həm də Azərbaycan rəqslərini bir arada təqdim edəcəklər. Arzum budur ki, hər il Azərbaycanda yeni proqramla çıxış edim. Qarşıdakı səfərlərimiz isə RusiyaGürcüstana olacaq”.

   Daha sonra səhnə rəqqasələrin ixtiyarına verildi. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və İran kollektivinin Musiqili Teatrın səhnəsindəki birgə çıxışı bu sənətin sərhədsiz olduğuna bir işarə idi. Milli geyimlər, gözoxşayan rəqs nümunələri, səhnə estetikası, lirik ovqat, rəqqasələrin romantik ruhlu incəliyi, ifa texnikaları kollektivin səylə hazırlaşdığına və sənətə həqiqi sevgisindən xəbər verirdi. İranlı rəqqasələrin istedad və zəhmətinin ortaq məhsulu olan gözəl rəqs nümunələri həm paytaxt tamaşaçılarını, həm də ölkəmizdə olan iranlı turistləri yaxşı mənada təəccübləndirə bildi və hər kəsə xoş ovqat yaşatdı.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 20 sentyabr.- S.8.