27 sentyabr turizm işçilərinin peşə bayramı günüdür

 

 

 

   27 sentyabr Dünya turizm günüdür. 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib.

   DTT hazırda dünya miqyasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlərə vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin buya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır. Azərbaycan təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr - Dünya turizm günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.

  

   Dünya turizm günü ilə bağlı tədbirlər keçiriləcək

  

   Dünya turizm günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu ilçeşidli tədbirlər nəzərdə tutulub.

   Sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.

   Bununla yanaşı, 27 sentyabr tarixində mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət qoruqlarına, muzeylərə giriş ödənişsiz olacaq. Bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.

  

   Təşkilatın fəal üzvü

  

   BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ilielan edib. Qurumun fəaliyyətində yaxından iştirak edən ölkəmiz 2013-cü ildən Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvüdür. 2017-ci ildə Azərbaycan Respublikası Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına sədrlik edir. Azərbaycanın qurumun İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, Dünya Turizm Təşkilatında ölkəmizə olan etibarın göstəricisidir.

   Bu il sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində DTT-nin Baş Assambleyasında Azərbaycan Avropa regionundan (Rumıniya, Rusiya, Yunanıstan və Litva ilə birlikdə) 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçilib. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin turizm sahəsində qazandığı uğurların və Şurada səmərəli fəaliyyətinin təsdiqidir.

  

   Günün devizi - “Davamlı turizm inkişaf üçün alətdir”

  

   Bu il Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur. Təşkilatın baş katibi Taleb Rifainin Dünya turizm günü münasibətilə ictimaiyyətə müraciətində turizmin kimyayanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Müraciətdə vurğulanır ki, ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. 2017-ci ildə qeyd edilən Dünya turizm gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. Hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

   Dünya Turizm Təşkilatı “Beynəlxalq davamlı turizm ili” çərçivəsində “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasını da həyata keçirir. Kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir. Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılan kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.3.