Misir nağılları balaca azərbaycanlı rəssamların gözü ilə

 

 

 

   İslam həmrəyliyi ili”nə həsr olunmuş sərgi

  

   Sentyabrın 26-da “Azərkitab” Kitab mərkəzində “Qədim Misir nağılları kiçikyaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirildi. Sərgi Misir Milli Kitabxanası və Arxiv İdarəsi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi çərçivəsində təşkil olunmuşdu.  

   Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək sərgi haqqında danışdı. Bildirdi ki, “İslam həmrəyliyi ili” çərçivəsində keçirilən sərginin əsas məqsədi uşaqları gələcəyimiz naminə düzgün maarifləndirməkdir. Eyni zamanda məqsədimiz uşaqları antik sivilizasiyaların beşiklərindən hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək, bu ecazkar ölkənin nağıllarını oxuyanbu nağıllara illüstrasiyalar çəkən azyaşlı oxuculara dəyər vermək və qiymətləndirməkdir.

   Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, səfirliyin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin direktoru Əhməd Sami əl-Aydi çıxış edərək ərəb nağıllarına illüstrasiya çəkən azərbaycanlı uşaqların istedadından danışdı. Onların yaradıcılığına yüksək qiymət verərək bildirdi ki, ərəb dilindən tərcümə edilən bu nağıllar yaxın gələcəkdə kitab halında çap olunacaq, Misirin və digər ərəb ölkələrinin kitabxanalarına paylanılacaq.

   Misir Milli Kitabxanası və Arxiv İdarəsinin müdiri Əhməd Seyid Məhəmməd Şövki kiçikyaşlı fırça həvəskarlarının Misir ədəbiyyatına, xüsusilə folkloruna dərin marağından və sərgidən danışdı: “Belə bir sərgi Misirdə də keçiriləcək. Misirli uşaqlar görəcəklər ki, onların azərbaycanlı yaşıdları necə gözəl rəsmlər çəkiblər”. O daha sonra balaca rəssamlara və iştirakçı qonaqlara “Ələddin və sehrli köynək” qədim Misir nağılı haqqında məlumat verdi. Nağılla bağlı videoçarx nümayiş olundu.

   “Azərkitab” Kitab mərkəzinin direktoru Sabir Həsənov və başqaları da çıxış edərək sərginin əhəmiyyətindən danışdılar.

   Çıxışlardan sonra paytaxtın Nizami rayonunun 82, 201, 207 və 227 saylı məktəblərinin şagirdləri ərəb dilindən tərcümə edilən “Baqqal məktəbi çox sevir”, “Duq-duqsiçan Zaza”, “Çalağanpişik”, “Şirsiçan” və digər nağılları danışdılar.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.4.