Beynəlxalq festivalın daha bir konserti Ağcabədidə keçirilib

 

   Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədi rayon Mədəniyyət mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.

   Ansamblın bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayevrayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, böyük bəstəkarın ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb.

   Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

   Sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Ağcabədi şəhər İncəsənət məktəbinin şagirdləri və Qarabağ Muğam Mərkəzinin ifaçıları dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.6.