Dövrləri və zövqləri qovuşduran konsert

 

 

   Sentyabrın 23-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert proqramları və musiqili tamaşalarla davam etdi. Filarmoniyada keçirilən konsert yenə də qonaq-qaralı oldu. Əslində, afişada Üzeyir bəyin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışının və görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin adının göstərilməsi bəs idi ki, şənbə axşamı sənət ocağında keçirəcəyin zamandan zövq almağa hazır olasan.

   Konsertdə öncə daha çox mahnı və operetta müəllifi kimi tanıdığımız Ramiz Mirişlinin "Zamanın səsi" simfonik poeması səsləndi. Poema zəmanəmizin özü kimi gah zərif səslərin melodik düzülüşü ilə ruhu oxşayır, gah hüznlü notların bolluğu ilə düşündürür, gah da çılğın səslənişi ilə mübarizəyə çağırış assosiasiyası doğururdu.

   Bakıda keçirilən hər Üzeyir festivalı musiqisevərlərə sürpriz vəd edir: bizim kollektivlərin məhz festival günlərində ilk dəfə ifa etdikləri əsərlər həm zövq əhatəmizi genişləndirir, həm də musiqi biliklərimizi artırır. Bir nömrəli orkestrimizin budəfəki konsertibu baxımdan əlamətdar oldu. Orkestr daha çox peşəkarların bələd olduğu alman bəstəkarı Rixard Ştrausun "Qızılgül kavaleri" ("Der Rozenkavalier") operasından süitanı çaldı.

   Əsl sürpriz isə konsertin ikinci hissəsində gözləyirdi. Bolqarıstandan gəlmiş məşhur pianoçu, bir neçə nüfuzlu beynəlxalq müsabiqənin laureatı Plamena Manqova Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə P.Çaykovskinin ortepiano ilə orkestr üçün 1 saylı konsertni ifa etdi. Dünya fortepiano musiqisinin şah əsərlərindən sayılan və ifaçısından təkcə yüksək intellektruh yox, həm də güclü ifaçılıq texnikası və fiziki qüvvə tələb edən bu konserti adətən qadın pianoçular az-az hallarda ifa edirlər. İlk dəfə 1875-ci ildə ifa edilmiş əsər XX əsrdə dünya şöhrətli pianoçuların repertuarında özünə "məskən salıb". 1958-ci ildən bəri isə ifaçıların P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin final turunun məcburi proqramına daxildir.

   Azərbaycan klassik musiqisevərlərinin yaxşı tanıdığı Plamena Manqova istər fortepiano ilə orkestr üçün, istərsə də solo ifa üçün bəstələnmiş əsərləri eyni ustalıqla, həm də qadın incəliyi ilə çalmağı bacaran pianoçulardandır. Təxminən 35 dəqiqə davam edən konserti canlı dinləyənlər buna bir daha şahid oldular. İfasından sonra salonun sürəkli alqışları xanım Manqovanı təkrar-təkrar səhnəyə qaytardıqda o, "bis" üçün Şopenin prelüdlərini çaldı.

   Konsertdən sonra pianoçuya yaxınlaşıb həm gözəl ifa üçün təşəkkür etdik, həm də onun təəssüratları ilə maraqlandıq.

   - Mən həmişə Bakıda böyük həvəslə, həm də həyəcanla çıxış edirəm. Ötən dəfə Rostropoviç festivalında Olqa Rostropoviçin dəvətilə gəlmişdim. O zaman Maksim Vengerovun idarə etdiyi İngiltərə orkestri ilə birlikdə çıxış etmişdim. Nəhayət, bu dəfə Azərbaycan orkestri ilə birgə çıxış etmək mənə müyəssər oldu. Orkestrin artistləri çox mehriban və savadlı insanlardır. Maestroya isə söz ola bilməz. Əsl ustaddır. Mən Azərbaycan bəstəkarlarının əsərlərini də çox bəyənirəm. Düzdür, hələlik repertuarımda onların əsərləri yoxdur. Amma Bakıda musiqiçi dostlarım çoxdur, yəqin ki, əsər seçimində onların məsləhətindən bəhrələnəcəyəm.

  

 

 

Mədəniyyət.- 2017.- 27 sentyabr.- S.8.