Qabriel Qarsiya Markes kimdir?”

 

 

   Sentyabrın 28-də Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən tədbirlərdən biri belə adlanırdı. Tədbirdə kolumbiyalı yazıçı, professor Konrado Suluaqa dünya şöhrətli həmyerlisi haqqında təqdimatla çıxış etdi.

   Əvvəlcə Kolumbiyanın Azərbaycandakı səfiri Marta Qalindo Pena çıxış edərək iki ölkənin ədəbiyyatlarının qarşılıqlı şəkildə tanıdılmasının vacib olduğunu qeyd etdi: “Nobel mükafatı laureatı Qabriel Markesin əsərləri sayəsində Latın Amerikasının ruhu bütün dünyada tanınıb, milyonlarla insanın hafizəsində iz buraxıb. Azərbaycanda da yazıçının əsərləri tərcümə olunaraq nəşr olunuboxucular tərəfindən sevilə-sevilə oxunur. Dünyanın hər bir ölkəsində yazıçının “Yüz ilin tənhalığı” əsərini hər kəs öz əsəri kimi hiss edir. Bu, bizim ölkəmiz üçün şərəfdir”.

   Diplomat bildirdi ki, tanınmış tədqiqatçı Konrado Suluaqa ömrünün böyük bir hissəsini yazıçının ədəbi və publisistik fəaliyyətinin araşdırılmasına həsr edib.

   Sonra Konrado Suluaqanın yazıçının həyat və yaradıcılığı haqqında mühazirəsi dinlənildi. O, Markes yaradıcılığının şah əsəri hesab olunanYüz ilin tənhalığı” romanının məziyyətlərindən söz açdı.

   Mühazirəçi yazıçı ilə şəxsi tanışlığının tarixçəsindən, onunla keçirdiyi yaradıcılıq görüşlərindən danışdı. Qonağın dahi kolumbiyalı yazıçı barədə bölüşdüyü xatirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

   Sonda qonaq oxucuların suallarını cavablandırdı.

  

   Fariz

  

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.4.