Yeni mövsümü başlayan "Ocaq"

 

 

   Sentyabrın 27-də Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü açdı. Kollektiv həmin gün mövsümün ilk premyerasını təqdim etdi.

   Tamaşadan əvvəl çıxış edən teatrın direktoru İslam Həsənov, baş rejissor, Əməkdar artist Firudin Məhərrəmov, Əməkdar artist Namis Şirməmmədov yaradıcı kollektivin ötən mövsümdəki uğurlarından, yeni mövsümdə oynanılacaq tamaşalardan danışdılar.

   Sonra türk dramaturqu Turqut Özakmanın əsəri əsasında hazırlanmış "Ocaq" psixoloji dramı nümayiş olundu. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

   Əsər əməllərdən daha çox xəyallarla yaşayan çoxuşaqlı ailənin yaxşı dolanışıq uğrunda çarpışmaları, xoşbəxtliyə çatmaq üçün çarəsiz yollar araması üzərində qurulub. "Ocaq" psixoloji dramı həyata baxışları bir-birindən fərqlənən bir ailənin üç nəslini səhnəyə çıxarır, onların iztirabları və gözləntiləri isə adi insanlara yaxşı tanışdır. Rolları əməkdar artistlər Fəqanə Musayeva (Nənə), Rauf Ağakişiyev (Ata), Cəlal Məmmədov (Nihad), aktyorlardan Xatirə Süleymanova (Səfiyyə), Oqtay Mehdiyev (Fazil), Şəhla Məmmədova (Sevda) və Şəmistan Süleymanlı (Özsan) oynayırlar.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.6.