Azərbaycanın turizm imkanları Parisdə sərgilənir

 

 

   Fransalı turistlərin Bakını daha yaxından tanıması üçün turistik proqramlar tərtib ediləcək

  

   Sentyabrın 26-da Parisdə “Top Resa 2017” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizi “PAŞA Travel” və “Premier Tour” şirkətləri təmsil edir.

   “PAŞA Travelin stendində mədəniyyətimiz, tariximiz, respublikamızın turizm imkanları haqqında fransız və ingilis dillərində reklam-çap məhsulları nümayiş olunur. Şirkət həmçinin ölkəmizdə MICE xidmətləri, korporativ tədbirlərin təşkili, təlimlər, sahə seminarları, təşviq səfərləri kimi xidmətlər üzrə təkliflərini təqdim edir.

   Premier Tour” şirkəti isə regionlarımızda təklif olunan turizm xidmətləri haqqında məlumat verir.

   Sərgi çərçivəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransanın “Entreprises de Voyage” şirkətinin vitse-prezidenti Rişar Subyel ilə görüşüb.

   Səfir Azərbaycanın turizm potensialı haqqında məlumat verərək, ölkə başçısının bu sahəni hər zaman diqqətdə saxladığını, bunun nəticəsində paytaxtla yanaşı, bölgələrimizdə də yüksək səviyyəli müasir turizm infrastrukturunun yaradıldığını vurğulayıb.

   Rişar Subyel deyib ki, “Entreprises de Voyage” şirkəti Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə memorandum imzalayıb: “Bu görüş gələcək fəaliyyətimizin, xüsusilə də turizm sahəsində əməkdaşlığın inkişafı baxımından önəmlidir. Yaxın gələcəkdə turizm üzrə mətbuat nümayəndələrinin Azərbaycana səfərini təşkil edəcəyik. Həmçinin turizm üzrə mütəxəssislərin səfərini planlaşdırırıq. Onlar turistik proqramlar tərtib edəcəklər. Bu proqramlar vasitəsilə fransalı turistlər Bakı şəhərini daha yaxından tanıyacaqlar. Turizm sahəsində birgə fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik”.

   Top Resa 2017” beynəlxalq turizm sərgisi sentyabrın 29-da başa çatacaq.

 

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.8.