Fələyə boyun əyməyən hökmdarın son "Mərasim"i

 

 

   Biri var idi, biri yox idi, Allahın qarğıdığı uzaq bir ölkədə bir Kral var idi. Qarğıdığı, yoxsa unutduğu? Yox, qarğımaq daha uyğun gəlir. Onsuz da bu nağıl uşaqlar üçün deyil ki. Böyüklər üçün düzünü yazmaq, acıdacağından, incidəcəyindən qorxmadan gerçəyi söyləmək lazımdır.

   Əgər XX əsr teatr avanqardının görkəmli nümayəndəsi, absurd teatr, absurdizm estetik cərəyanının təməlçilərindən biri Ejen İonesko nağıl janrında yazsaydı, yəqin ki, "Mərasim" ("Kral ölür") nağılını belə başlardı... Bəlkə də yox! Niyə görə yox? Ona görə ki, nağıllar daha çox yalan, xəyal olur...

   * * *

   Bu "Mərasim" ona görə diqqətimizi çəkdi ki, məhz yalan, ya da xəyal deyil, tam gerçəkdir. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci teatr mövsümünü məhz bu tamaşa ilə açıb. Üstəlik, tamaşaya çox maraqlı heyət yığılıb. Quruluşçu rejissor Sankt-Peterburqda təhsil almış və orada da çalışan soydaşımız Ərşad Ələkbərov, əsas rollarda son iki ildə bu teatrın ulduzuna çevrilmiş Fəxrəddin Manafov, səhnəsinə çıxdığı hər hansı teatrda uğur qazanan Mehriban Zəki, bir də teatrın üç gənc aktyoru - Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Həcər Ağayeva. Əslində bu gənc üçlükteatr ulduzu sayılmağa namizəddir. Beləcə, istedadlar bir əsərə cəlb (bəlkə də cəzb?) olunublar, özləri də absurdu bizim üçün gerçək etməkdə iddialı.

  

   İoneskonun yazdığı...

  

   Bəs bu absurd pyesdə gerçəklik nədir? Gerçəklik odur ki, adına krallıq deyilən dövləti Allah qarğıyıb. Nə vaxtdır ki, bu dövlətdə bərəkət göyə çəkilib, torpaq sürüşməsi baş verir, ağacların meyvəsi dəyməmiş çürüyür, ordusu iflic vəziyyətdədir, 20 yaşlı cavanları sanılı günlərdə qocalır, ağıllılar, savadlılar baş götürüb qaçır, qonşu ölkələr onun bərbad hala düşən ərazisini işğal edir. Amma öz təbəələri kimi sürətlə qocalan, əcəlin girlədiyi Kral (Fəxrəddin Manafov) bütün bunları görə-görə, divarları çat verib kərpic-kərpic dağılan sarayında da SONun yaxınlaşdığına inanmaq, ilməsi qaçmış corab kimi sökülüb əldən gedən dövləti ilə birlikdə ölüm ayağında olduğunu qəbul etmək istəmir. Bəs bunu ona kim deməlidir?

   Ən çətin missiyanı, Əlahəzrətə hər şeyi olduğu kimi çatdırmağı onun birinci arvadı Marqarita (Mehriban Zəki) boynuna götürür. Kralın o qədər də inanmadığı, "hətta sən həmişə məni öldürmək istəmisənğ deyə ittiham etdiyi kraliça Marqaritanın öz həqiqəti var: "Bütün insanlar bilirlər ki, bir gün öləcəklər. Amma bunu yaddan çıxarırlar. Lakin o, kraldır! Onun unutmağa haqqı çatmır. İrəliyə baxmaq, yolun bütün mərhələlərini dəqiq hesablamaq, bu yolun sonunu görmək onun borcudur".

   Marqaritanın buz kimi soyuq məntiqə əsaslanaraq dediyi sözlər təkcə Kralın ünvanına deyil. Bu gerçəklik müəllifin praqmatik, olanları labüd sonluq kimi qarşılayan Böyük Kraliçanın dili ilə oxuculara ötürmək istədiyi həqiqətdir. Axı, bizim hər birimizin içində bir hökmdar, fani dediyi dünyadan bərk-bərk yapışmaq, həqiqəti olduğu kimi deyil, özümüzə sərf edən sayaq görmək və bu adlanışa inanmaq istəyi var.

   Krala bu məlumatı çatdıranda, yəni onun bir ildən, bir aydan, bir həftədən sonra deyil, saat yarımdan sonra öləcəyini deyəndəsə gerçəkliklə barışmaq istəmir: "Məni xəbərdar etməli idilər... Mən ölmək istəmirəm. İstəməyəcəyəm də. Əgər mən özümü xilas edə bilmirəmsə, qoy bunu başqaları etsin".

   Kral isə bu istəyində tək deyil. Onun ikinci arvadı, cavan kraliça Mariya (Mariya Dubovitskaya) sevginin gücünə, sevgi ilə hər şeyi dəyişməyin, düzəltməyin, xilas etməyin gücünə inanır. Amma, köhnə kişilər demişkən, Allah istəməyəndən sonra sevgidə güc, qüvvət?

   Güc, qüvvət demişkən, artıq Kralın şəxsi həkimi (Oleq Əmirbəyov) gücün, qüvvətin istəklər, arzular, xəyallar tərəfində olmadığını bilir, buna görə öz hökmdarının yox, Böyük Kraliçanın tərəfindədir. Bu üzdən o həm həkimdir, həm cərrah, həm astroloq, hardasa hətta cəllad. Hələ güc strukturlarının ümumiləşdirilmiş obrazı olan Mühafizəçi (Natiq Hüseynov) onu eşitmir.

   Krala sədaqətini göstərən, son nəfəsinədək onun yanında olan Cülyettadır (Həcər Ağayeva). Onun şəxsi aşpazı, bağban olmadığından bağa baxanı, dayəsi, qulluqçusu... Bir sözlə, bütün saray məişətini idarə edən Əlahəzrət ailəsinin qulluğunda duran tək Xidmətçi. Dayan, olmaya, bu krallıq elə əmr verənlərin bol, əmri yerinə yetirməli olanların az olduğu üzündən Allah qarğışına tuş gəlib?

  

   Ələkbərovun qurduğu...

  

   Ejen İonesko bütün yaranmışların ömrünü bitirən ən absurd olay - ölüm öncəsi insanın, həm seçilmiş, qüdrət sahibi olan şəxsin timsalında etirazın, imtinanın, mübarizənin nəhayət, itaətin necə baş verdiyini qələmə alıb. Ərşad Ələkbərov onun yığdığı komanda bunun necə baş verdiyini tamaşaçılara göstərib.

   Tamaşa simvollar üzərində qurulub. Kral bütün tamaşa boyu dizlikdə, gecə köynəyində görünür. rəngin saflıq, təmizlik rəmzi varsa, kəfən anlamı da var. Cəmi üç nəfərin arxasında əyləşdiyi süfrənin salındığı masa az qala bütün səhnəni tutur. Kral iki Kraliçanın bir-birindən qədər uzaq olduğunu anlamaq üçün bəyaz örtüklü yekə masanı da bir obraz kimi anlamaq olar. Masanın arxasında isə iri çatın paraladığı divar krallığın bir dövlət kimi çoxdan çat verdiyinə işarə edir. Hələ tamaşa boyu görünməzlikdən enən Kralın özündə cəsarət taparaq aça bilmədiyi qapılar!...

   Ehh... Dünyanı dəyişdirəcək qapıları qətiyyətlə açmağa ürəkli olan çoxdumu?

  

   Aktyorların oynadığı...

  

   Son iki ildə Rus Dram Teatrına gəlmiş Xalq artisti Fəxrəddin Manafov artıq ikinci rolu ilə hər kəsə sübut edir ki, çox cüzi dəyişiklik, sıfır qrim ona bəsdir ki salonu öz aktyor cazibəsində saxlasın. Manafovun Kralının bəzən çarəsizlik dolu baxışları, şıltaqlıq həddinə çatan etirazı, hətta işin ağırlığından yorulmuş qozbel Cülyettaya onun həyatın gözəlliyini izah edərkən absurd nikbinliyi teatrsevərə əsl sənətlə, böyük aktyorla ünsiyyətdə olduğunu göstərir.

   Təcrübəli aktyor üçün daxilən öz obrazına çevrilməsi tamaşaçıya asan görünə bilər. Halbuki, istər Kazanova obrazı, istər Kral üçün aktyorun seçdiyi baxışlar, intonasiya, hərəkətlər, jestlər yorulmaz məşq hesabına yaranır, cilalanır.

   Mehriban Zəki Marqarita üçün Qar kraliçası jestləri baxışları kimi sərt imic formalaşdırıb. Amma onun Marqaritası daxili qırımı ilə həyat yoldaşını cariyələrə qısqanmayan, bir övladının taxta çıxması üçün o birisinin başından keçən Osmanlı imperiyasının həzəki sultanlarını xatırladır.

   Gənc aktyorlar Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Həcər Ağayeva "Mərasim"ə gərək minnətdar olalar ki, həm Fəxrəddin Manafov, Mehriban Zəki kimi sənətkarlarla məhz İoneskonun pyesində səhnəni bölüşürlər, həm bütün yaraşıqlı cavan aktyorları izləyən aşiq qəhrəman (xüsusilə Oleq), ağıllı ev qızı (xüsusilə Mariya) klişesindən qurtulur, yaraşıqlı xanım qızlardan yaşlı fiziki qüsurlu qadın (xüsusilə Həcər) roluna keçidi rahatlıqla adlayırlar.

   * * *

   "Mərasim"ə baxarkən bir məqamı fikirləşirsən: son günlərini yaşayan məmləkətin Kralı niyə ölümdən qorxur? Məmləkətsiz Kral kimə nəyə lazımdı ki?! birdən dərk edirsən ki, Kralın qorxduğu Ölüm yox, dünyasını dəyişdikdən sonra birlikdə süqut etdiyi məmləkətinin məhv səbəbləri barədə axirət sorğu-sualıdır...

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.10.