Macarıstanda Xalça Muzeyinin 50 illiyinə həsr olunan tədbir

 

 

 

   Budapeştdə fəaliyyət göstərən Tətbiqi Sənət Muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə mühazirəçi qismində Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edib.

   Şirin Məlikova yaradılan bu fürsətə görə Tətbiqi Sənət Muzeyinin direktoru Zoltan Çelovzkiyə və Azərbaycanın Macarıstandakı səfirliyinə minnətdarlığını bildirib. Sonra o, Azərbaycanın xalçaçılıq sənətinin tarixi və ənənələri barədə ətraflı təqdimatla çıxış edib.

   Direktor Azərbaycanın xalçaçılıq sənətinin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edərək, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ölməz sənət sahəsinin inkişafına xüsusi diqqət ayırdıqlarını söyləyib. Prezident İlham Əliyevin sərəncamına əsasən yeni inşa edilmiş Xalça Muzeyinin binası barədə məlumat verən natiq hazırda 50 illik yubileyini qeyd edən bu mədəniyyət ocağının fəaliyyətindən, burada nümayiş olunan nadir sənət nümunələrindən və gələcək planlardan bəhs edib. Direktor Azərbaycanın görkəmli xalçaçı rəssamı və alimi Lətif Kərimovun bu sahədə xidmətlərindən də söz açıb.

   Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onların Azərbaycanın mədəni irsi və xalçaçılıq məktəbinə dair sualları cavablandırılıb.

 

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.11.