“Azərxalça”nın rəhbəri Dağıstanda fəxri ada layiq görülüb

 

   Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.

   “Azərxalça” ASC-dən bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifi, Azərbaycan, ingilisrus dillərində nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur. Onun rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilib. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Derbentskoe kovrotkaçestvo”) monoqrafiyası nəşr edilib.

 

Mədəniyyət.-2017.- 6 yanvar.- S. 6.