“İslam Həmrəyliyi
Oyunları təkcə idman tədbiri deyil”
“Bu, böyük siyasi tədbirdir, böyük
mədəni tədbirdir, böyük ictimai hadisədir”
Biz “Multikulturalizm
ili”ni uğurla
keçirdik. Azərbaycan bir
daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır.
Azərbaycan kimi ölkələrin
sayı getdikcə artmalıdır. Əfsuslar olsun
ki, bəzi dünya səviyyəli siyasətçilər də
özlərinə rəva
bilib multikulturalizmlə
bağlı çox təhlükəli ifadələr
işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa
yolu yoxdur. Azərbaycan öz tərəfindən
bu istiqamətdə, əlbəttə ki, səylərini davam etdirəcək.
Prezident İlham Əliyev
bu fikirləri yanvarın 10-da Nazirlər
Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında çıxışı zamanı
deyib.
Prezident vurğulayıb ki, 2017-ci ildə Azərbaycanın ev sahibliyi
edəcəyi IV İslam
Həmrəyliyi Oyunları
da ölkəmizin dünyada sülh və dialoqa növbəti töhfəsi
olacaq: “Bütün müsəlman aləminin həmrəylik oyunlarına
biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni,
bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları
keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam
Həmrəyliyi Oyunları
idman tədbiridir, səhv edir. Bu, böyük siyasi
tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə
sadiq ölkə kimi, eyni zamanda,
müasir ölkə kimi göstərir və bu gün
islam dininə qarşı çirkin kampaniya aparanlara da bir cavab
olacaq. Onlar öz imkanları
hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları
çərçivəsində rəy formalaşdırırlar
ki, islam dünya üçün təhlükədir, islamı
terrorizmlə eyniləşdirirlər,
islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman
qaçqınlarına qarşı
hörmətsizlik edirlər”.
Dövlət başçısı vurğulayıb
ki, İslam Həmrəyliyi Oyunlarının
bu baxımdan çox böyük mənası var: “Biz bu Oyunları keçirməklə bir daha gücümüzü,
imkanlarımızı göstərəcəyik,
dini dəyərlərimizə
sadiqliyimizi nümayiş
etdirəcəyik, çalışacağıq
ki, islam aləmini birləşdirək.
Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə
qarşı qoymaq istəyənlər öz
hədəflərinə çatmamalıdırlar.
Azərbaycan islam
aləmində çox
böyük hörmətə
malik bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri
bizim ölkəmizə
yüksək qiymət
verirlər”.
Prezident bildirib ki, bütün bunları nəzərə alaraq
2017-ci ilin Azərbaycanda
“İslam həmrəyliyi
ili” elan edilməsi barədə sərəncam imzalayıb.
* * *
Qeyd edək ki, Bakıda IV İslam Həmrəyliyi Oyunları
mayın 12-dən 22-dək keçiriləcək. İslam Həmrəyliyi
Oyunları dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası
(İSSF) tərəfindən keçirilir, ilk Oyunlar
2005-ci ildə Səudiyyə
Ərəbistanında təşkil
olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçirilməsi barədə
qərar 2013-cü ildə
qəbul olunub. Azərbaycan Prezidentinin 17 sentyabr 2015-ci il
tarixli sərəncamı
ilə Oyunların Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevadır.
IV İslam
Həmrəyliyi Oyunlarına
50-dən çox ölkədən
3 mindən artıq idmançının qatılacağı
gözlənilir. Yarışlar 24 idman növü üzrə keçiriləcək.
Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların
ixtiyarında olacaq.
Bu idman obyektlərində
2015-ci ildə I Avropa Oyunları keçirilib və tam müasir standartlara cavab verir.
* * *
Yanvarın
16-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının
media akkreditasiyası prosesinə
start veriləcək. Oyunları işıqlandırmaq
üçün təxminən
650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin
akkreditasiyadan keçməsi
nəzərdə tutulur.
Qeydiyyatla bağlı müraciətlər
martın 31-dək qəbul
ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri
bu tarixdən gec olmayaraq akkreditasiya
üçün müraciət
etməlidirlər. Medianın akkreditasiyası
aprel ayınadək aparılacaq, biletlərin satışı isə
mart ayında başlanacaq.
Ətraflı məlumatı
Oyunların saytında
əldə etmək olar:
www.baku2017.com
Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.
Oyunlardan
əvvəl, mayın 9-da və 11-də Atletlər Kəndinə
iki media tur təşkil olunacaq. Turda iştirak etmək üçün media
nümayəndələri martın 31-dən sonra
pressoperations@baku2017.com elektron
ünvanından qeydiyyatdan keçməlidirlər.
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.2.