Azərbaycanda turizmin təşviqi
bəhrəsini verməyə başlayıb
Əl-Cəzirə
telekanalında ölkəmizin turizm
potensialından bəhs edən reportaj
yayımlanıb
“İslam dünyası ilə xristian dünyasının qovuşma nöqtəsi adlandırılan Azərbaycan böyük turizm imkanlarına malikdir”
Xəbər verdiyimiz kimi, Qətərin Əl-Cəzirə beynəlxalq telekanalı Azərbaycanla bağlı silsilə reportajlar yayımlayır. Növbəti reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir.
Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir. Müəllif, həmçinin son illər Azərbaycana səfər edən ərəb turistlərin sayının artmasından söhbət açır.
Reportajda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikirlərinə yer verilir. Nazir ölkəmizdə ərəb ölkələri üçün xüsusi turizm təşviqat proqramlarının olduğunu bildirir. Qeyd edir ki, bu proqramlar təbiət gözəllikləri və müxtəlif mədəni, tarixi məkanlar ilə tanışlıq imkanı yaradır. Ərəb turistlər üçün meşələrə, çaylara, göllərə xüsusi turlar təşkil edilir.
Müəllif vurğulayır ki, zəngin təbiətə, mülayim iqlimə malik Azərbaycanda gözəl tarixi və mədəni məkanlar var. İslam dünyası ilə xristian dünyasının qovuşma nöqtəsi adlandırılan Azərbaycan böyük turizm imkanlarına malikdir.
Reportajda ərəb turistlərin fikirlərinə də yer verilir. Onlar ölkələrinə
məsafə baxımından
yaxınlığına, ucuzluğun
olmasına görə
Azərbaycanı seçdiklərini
deyirlər. Turistlər Azərbaycanda
xidmətin yüksək
səviyyədə olduğunu,
füsunkar təbiəti
olan ölkənin inkişaf etdiyini, küçələrin təmiz
olduğunu, ölkədə
əmin-amanlığın hökm sürdüyünü
söyləyirlər.
Müəllif qeyd edir ki, Azərbaycan turizmin təşviqi proqramlarının bəhrəsini
görməyə başlayıb.
Bu proqramların həyata keçirilməsi,
xüsusilə viza verilməsi prosedurunun sadələşdirilməsi nəticəsində
ölkəyə gələn
turistlərin sayı artıb. Azərbaycan hökuməti turizmin
inkişafı üçün
bu sektora investisiyalar yatırılmasına
ehtiyac olduğunu etiraf edir və
investorları sərmayə
yatırmağa dəvət
edir. Bununla əlaqədar onlara
güzəştlər təqdim
edilir. Hökumət Azərbaycanı bütün ölkələrdən
gələn turistlər
üçün cəlbedici
məkana çevirməyə
çalışır.
Reportaja aşağıdakı link vasitəsilə
ətraflı baxmaq mümkündür:
https://www.youtube.com/shared?ci=T9miOZYiV2U
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.3.