"Subaylarınızdan görəsiniz”

 

 

   Afaq Bəşirqızı Sumqayıt teatrının səhnəsində

  

   Xalq artisti Afaq Bəşirqızı bir vaxtlar çalışdığı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında səhnəyə çıxacaq.

   Teatrın direktoru İslam Həsənov bildirib ki, Süleyman Ələsgərov və İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz” adlı məşhur musiqili komediyası Sumqayıt teatrının xüsusi layihəsi əsasında səhnəyə qoyulacaq. Uzun illər əvvəl Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan əsərdə Səməni obrazını məharətlə ifa edən Afaq Bəşirqızı yenidən bu rolu canlandıracaq.

   Qeyd edək ki, tanınmış aktrisa 1975-1989-cu illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Yaxın günlərdə məşqlərinə başlanılacaq "Subaylarınızdan görəsiniz” tamaşasına Əməkdar artist, Sumqayıt teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verəcək.

 

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.4.