Fəhlə məktəbinin dram dərnəyindən başlayan sənət yolu

 

 

 İsmayıl Dağıstanlı - 110

  

   O, Şekspir obrazlarını yaratmaq üçün səhnəyə gəlmişdi...

  

   Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biriXalq artisti İsmayıl Dağıstanlı olub. Bu il sənətkarın anadan olmasının 110 illiyidir.

   İsmayıl Mirzə Yusif oğlu Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ailəsi Şəkiyə köçür. İsmayıl Şəki İpək Fabrikinin nəzdindəki sənət məktəbində təhsil alır. Eyni zamanda fəhlə məktəbinin dram dərnəyinə üzv yazılır.

   O zaman Şəkinin tanınmış ziyalılarından Baxşəli Əfəndi (Axundov), Yusif Bədəlov və başqaları şəhərdə Türk Dram Cəmiyyəti yaradırlar. Gənc teatr həvəskarı İsmayıl da 1925-ci ildə həmin cəmiyyətə dəvət edilir. Az vaxt ərzində onun istedadlı bir gənc olduğu üzə çıxır. 1926-cı ildə Baxşəli Əfəndi və İbrahim İsfahanlının tövsiyəsi ilə Bakıya gələrək sənədlərini Teatr Məktəbinə verir. Qəbul zamanı ərizə verən 40 nəfərdən 6-sı imtahandan keçir. Məktəbə qəbul olunan tələbələrdən yalnız beşinə hökumət tərəfindən təqaüd və yataqxanada yer verilir. İsmayıl isə çətin vəziyyətə düşür, boş vaxtlarında dəmiryol vağzalında yük daşımaqla çörəkpulu qazanır. Buna baxmayaraq, müəllimlərinin sevimlisinə çevrilməyi bacarır...

   Rejissor Mirseyfəddin Kirmanşahlı bir gün Teatr Məktəbinə gəlir. İsmayılın çətin vəziyyəti haqqında ona məlumat verilir. O, gənc teatr sevdalısını özü ilə Maarif Komissarlığına aparır. Çətinliklə də olsa, İsmayıla yataqxanada yer ayrılır, növbəti aydan isə təqaüd alır.

   Mənbələrdə qeyd olunur ki, görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev hər ayın axırında Teatr Məktəbinə gələrmiş. Hər dəfə də tələbələrlə görüşəndə onlardanpulunuz varmı” deyə soruşarmış. O, cavab gözləmədən hər tələbəyə 25 manat pul verib sonra da deyərmiş: “İşləyəndə, pul qazananda qaytararsız!”. Tələbələr onun xətrini çox istəyər və şəxsiyyətinə hörmətlə yanaşar, sözündən çıxmazmışlar. Elə İsmayıl Hacıyev də onun məsləhəti ilə “Dağıstanlı” təxəllüsünü götürür, teatrkino sənətində “İsmayıl Dağıstanlı” kimi məşhurlaşır.

   İllər ötdükcə İ.Dağıstanlı ölkədə tanınır və xalqın sevimlisinə çevrilir. Bir gün sənətkar Zaqatala şəhərinə gedir. Burada Polis şöbəsinin rəisi ilə görüşür. Rəis ona silah kolleksiyasını göstərir və “hansını istəyirsiniz, götürün”, - deyir. Aktyor tərəddüd etmədən gümüş bir xəncər götürür. Rəis soruşur ki, ərəb əlifbasını bilirsinizmi? O da bildiyini deyir və xəncərin üstünü oxuyur. Xəncərin üzərində yazılan cümlə aktyoru heyrətə salır. Gümüş xəncərin üstündə yazılıbmış: “Zərnə sakini Hacı Məhəmmədin oğlu Yusifə”. Deməli, xəncər İsmayılın babası Hacı Məhəmməddən atasına yadigar qalıb.

   İ.Dağıstanlı 1930-cu ildən fasilələrlə Bakıda Akademik Dram Teatrında, İrəvan Azərbaycan Dram Teatrında çalışıb. Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoruaktyoru olub. O, Akademik Dram Teatrının səhnəsində klassik obrazlar qalereyası yaradıb. Lenin rolunun ilk ifaçısı kimi tanınıb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasında Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.

   Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini yüksək qiymətləndiriblər. Tanınmış rejissorpedaqoq Aleksandr Tuqanov İ.Dağıstanlı haqqında söz düşəndə deyərmiş: “İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib”.

   U.ŞekspirinOtello”, A.N.OstrovskininTufan”, A.P.ÇexovunVanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.VurğununVaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərir.

   O, teatrda maraqlı obrazlar qalereyaları yaratmaqla yanaşı, kino sahəsində də uğurlara imza atıb. “Səbuhi” (Mirzə Fətəli), “Qara daşlar” (Aslanov), “Böyük dayaq” (Kərəmoğlu), “Koroğlu” (Vəzir), “Kölgələr sürünür” (Zahidov), “Qatır Məmməd” (Fətəli xan Xoyski )s. filmlərdə həyat verdiyi unudulmaz xarakterlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

   Sevilən sənətkar teatrkino sahəsində yeni kadrların yetişdirilməsinə də töhfələr verib. Ömrünün son illərində indiki Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, fakültə dekanı vəzifələrində çalışıb. Eyni zamanda səhnə sənətinə və kino salnaməsinə adını yazdıran tanınmış şəxsiyyətlərin ömür və sənət yolundan bəhs edən kitablar yazıb. Onun “Cəfər Cabbarlı və teatr”, “Böyük səhnə ustası” (Abbas Mirzə Şərifzadənin yaradıcılığı haqqında), “Möhsün Sənani”, “Mustafa Mərdanov” kitabları yüksək dəyərə malikdir.

   İsmayıl Dağıstanlı respublikanın Xalq artisti fəxri adına layiq görülüb, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, medallarla təltif olunub. 1 aprel 1980-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2017.- 13 yanvar.- S.15.