Ölkəmiz İranda beynəlxalq teatr festivalında təmsil olunur

 

 

 

   Musiqili Teatrın direktoru 35-ci Fəcr Festivalının açılış mərasimində çıxış edib

  

   Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edir. Yanvarın 31-dək davam edəcək festivalın tədbirləri Təbriz, Tehran və digər şəhərlərdə keçiriləcək.

   Festivalın Təbrizdə keçirilən açılış mərasimində Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edib. O, dünyanın 20-yə yaxın ölkəsinin qatıldığı festivalda Azərbaycan Dövlət Musiqili Teatrının iştirak etməsindən iftixar duyduğunu vurğulayaraq 107 yaşlı sənət ocağı barədə məlumat verib. Bildirib ki, teatrın əsası 1910-cu ildə dahi Üzeyir Hacıbəylinin “Ər və arvadmusiqili komediyasının nümayişi ilə qoyulub. Teatrın kollektivi festivalda məhz bu səhnə əsərini təqdim edəcək.

   Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, səhnə tərtibatçısı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri YelenaZakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə göstəriləcək tamaşada rolları əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə və başqaları ifa edir.

   Səfər gedişində Təbrizdə İran Mədəniyyət və İslami İrşad Nazirliyi Şərqi Azərbaycan vilayəti idarəsində Musiqili Teatrın kollektivi ilə görüş keçirilib. Görüşü İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi açaraq iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb.

   Qeyd olunub ki, aprel ayında İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək.

   Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev çıxış edərək 107 yaşlı teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Təbriz teatr mühitində mühüm bir dönüş yaratmış gənc və istedadlı sənət fədaisi Babək Nəhreyn ilə işbirliyi haqqında ilkin razılığa gəlmişik. İnanıram ki, bu qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq”, - deyə o bildirib.

   Şərqi Azərbaycan Vilayəti Mədəniyyət və İslami İrşad İdarəsinin müdiri Məhəmməd Məhəmmədpur da ölkələrimiz arasında genişlənən əlaqələrə xüsusi önəm verildiyini qeyd edib.

   Qeyd edək ki, ölkəmizin daha bir sənət ocağının - Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov da 35-ci Beynəlxalq Fəcr Teatr Festivalına dəvət alıb. Lənkəran teatrının truppası ötən il 34-cü festivalda Bəhram Beyzayininİlan Sultan” tamaşası ilə mükafata layiq görülüb.

  

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.3.