Sənətdə müəllimim olmayıb

 

   Bu sənətdə elə şeylər var ki, gərək özün öyrənəsən, müəllim öyrətməklə olmur

  

   İlqar Cəfərov Azərbaycanın tanınmış fotoqraflarındandır. Ölkəmizdən xaricdə də tanınan fotoqraf 20-dən çox beynəlxalq foto yarışmasında uğur qazanıb. 100-dən çox fotoəsəri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib.

   Onunla 1990-cı ildən bəri çalışdığı AZƏRTAC-dakı yaradıcılıq otağında görüşdüm. İlqar bəy otağın divarlarını şəkillərlə elə gözəl bəzəyib ki, iki göz istəyir buradakı sərgiyə baxsın. İlk sualımız ənənəvi oldu.

   

   - Fotoqrafiya sənətinə necə gəldiniz?

   - Gəncədə doğulub-böyümüşəm. Valideynlərim kənd təsərrüfatı üzrə alim idilər. Mənim də bu sahəni seçəcəyim haradasa qaçılmaz idi. Ancaq 10 yaşım olanda atam mənə “Smena 8” markalı fotoaparat aldı və həmin vaxtdan bu möcüzəli qurğuya elə vuruldum ki, indiyədək onunlayam. Sonradan mən Gəncə Kənd Təsərrüfatı Akademiyasını mexanizasiya ixtisası üzrə bitirsəm və bir müddət bu sahədə işləsəm də, gördüm ki, foto sənəti məni özünə bərk çəkir. Tələbəlik illərindən SSRİ dağılana kimi Moskvada nəşr olunanSovet fotosu” jurnalına abunə yazılmışdım. Bu sənəti öyrənməyimdə həmin jurnalın çox yardımı oldu.

   1989-cu ildə SSRİ Jurnalistlər İttifaqının nəzdindəki Fotojurnalistika fakültəsinə qiyabi qəbul olub iki il təhsil aldım. Şərtə görə hər ay tələb olunan janrlarda fotolar çəkib göndərir, qiymətlər alırdım. SSRİ-də o vaxt bundan yüksək foto təhsili verən qurum yox idi.

   1990-cı ilin sonu idi. AZƏRTAC-ın fotosexində olduğunu öyrəndim. Gəldim, dedilər ki, sənin kimi təhsilli adama uyğun olmasa da, anbar müdiri vəzifəsi boşdur. Razılaşdım, ona görə ki, məqsədim sənətin içinə girmək idi. İşimlə bağlı gərək olan ləvazimatlar, dərmanlar alır, sənəti daha yaxından öyrənirdim. 6 ay burada çalışdıqdan sonra məni fotomüxbir vəzifəsinə keçirdilər. İndi böyük fotomüxbirəm.

   - Qabaqlar fotomüxbirlər çəkdikləri şəkillərə qısa yazılar da yazırdılar...

   - Elədir. Çəkdiyimiz bütün şəkillər üçün 5-10 cümləlik mətn yazırdıq. Onda dünyada qaydası belə idi, indi başqadır. AZƏRTAC o vaxt Moskvadakı TASS-ın (Sovet İttifaqı Teleqraf Agentliyi) bir filialı idi. Çəkdiyimiz fotolar ora da göndərilirdi, dünyaya yayılırdı. O illərdə biz həm ağ-qara, həm də rəngli fotolar çəkirdik. Rəngli plyonka tapılmırdı, ona görə rənglini qənaətlə işlədirdik. 4-5 il qabağa kimi köhnə qaydayla şəkil çıxarırdım. Baxın, köhnə avadanlığımı şirin xatirə kimi laboratoriyamda saxlayıram.

   - Belə anlayıram ki, siz fotoya sırf yaradıcılıq işi kimi baxırsınız.

   - Mən həmişə foto sənətinə yaradıcılıq kimi baxmışam. Əvvəllər foto üzrə redaktorlar var idi. Onlar çəkdiklərimizi seçib bəyənir, çapa məsləhət görürdülər. İndi işlər daha çevikləşib. Tədbirdən çəkdiyim fotoları notbukla tez redaksiyaya göndərirəm. İndiki fotoaparatlar rəqəmsaldır, yüzlərlə kadr çəkmək olur. Uğurlarıma görə plyonkalı aparata borcluyam. Rəqəmsal fotoaparatlar çıxandan sonra bu işlə məşğul olanların sayı artıb. Hələ mobil telefonları demirəm. 1990-cı illərin sonunda ölkədə 20-yə qədər yaradıcılıqla məşğul olan fotoqraf vardı. İndi daha çoxdur.

   - Sizin ən böyük fəaliyyətiniz Qarabağ savaşı ilə bağlıdır. Müxtəlif döyüş bölgələrində olmusunuz...

   - Qarabağa fotomüxbir kimi ilk səfərim 1992-ci ilin fevralında olub. Birhəftəlik ezamiyyət götürüb Füzuli, Laçın, Şuşa bölgələrinə getdim. Çəkilişlər apardım. Bakıya döndüm, televiziyadan Xocalıda böyük qırğın olduğunu eşitdim. Dərhal Ağdama yollandım. Onda Xocalıda qırılanları Ağdama gətirirdilər. Oradan çoxlu şəkillər çəkmişəm. Qazax, Kəlbəcər, Gədəbəy, Goranboy, Ağdam, Tərtər, Qubadlı və başqa döyüş bölgələrində dəfələrlə olmuşam. Qarabağ müharibəsi ilə bağlı məndə maraqlı, nadir kadrlar var. Qaçqın və məcburi köçkünlərlə bağlı fotolarım da çoxdur.

   - Olimpiya Oyunlarında fotoqraf kimi iştirak etmisiniz...

   - Afina, Pekin, London, Braziliya Paralimpiya Oyunlarını çəkmişəm. 2014-cü ildə Soçi Qış Olimpiya Oyunlarında, 2016-cı ildə Rio Yay Olimpiya Oyunlarında fotomüxbir kimi işləmişəm.

   - Bu yaxınlarda Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) rəssamı fəxri adına layiq görülmüsünüz. Beynəlxalq foto yarışmalarına haçandan qatılırsınız?

   - 2000-ci ildən bu yarışmalarda özümü sınayıram. Belə tədbirlərdə iştirak inkişaf üçün önəmlidir. Yarışmalarda müxtəlif mövzular qoyulur. Ona görə gərək ayrı-ayrı mövzularda hazır fotoların ola. Mənim zəngin arxivim var. Dünyanın 58 ölkəsində FIAP-ın nümayəndəliyi var, bizdə isə yoxdur. Hələ ki Azərbaycanda bu mükafatı alan tək fotoqrafam. Bunun üçün illərlə müxtəlif mərhələlərdən keçmişəm.

   - Peşəkar fotoqrafsınız, tələbələriniz varmı?

   - Mənim müəllimim olmayıb, özüm öyrənmişəm. Tələbələrim də yoxdur. Bunun da bir səbəbi: yaradıcılığı, işləməyi çox sevirəm. Düzdür, məni fotoklublardan biri müəllim kimi dərs deməyə dəvət etmişdi, ancaq məndə müəllim səbri yoxdur. Bu sənətdə elə şeylər var ki, gərək özün öyrənəsən, müəllim öyrətməklə olmur.

   Məni bu sənətdə daha çox idman, mədəniyyət maraqlandırır. Vaxtilə balet tamaşalarını, məşqlərini çox çəkmişəm. Mən quraşdırma fotoları sevmirəm, təbii məqamları yüksək dəyərləndirirəm.

  

   Soltan

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.12.