Parlamentdə mədəniyyətlə bağlı qanun layihələrinə baxılacaq

 

   Kinematoqrafiya, muğam sənətinin qorunması, yazılı abidələr haqqında qanunvericilik təkmilləşdiriləcək

  

   Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

   Komitənin sədri Rafael Hüseynov 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib.

   Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib. Bildirilib ki, yaz sessiyasında “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında” qanun layihələrinə baxılması nəzərdə tutulur.

   İclasda, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, qanun layihəsinə əsasən sənədin 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsi yeni redaksiyada veriləcək. Dəyişikliyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlarelmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu dəyişikliyin əsas məqsədi inşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud qaydaları daha da təkmilləşdirməkdir.

   Daha sonra UNESCO-nunQeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası və Azərbaycanda bu Konvensiyadan irəli gələn müvafiq qanun layihəsinin hazırlanması məsələsinə baxılıb.

   Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, parlamentin yaz sessiyasında adlarsoyadlarla bağlı yeni hazırlanmış qanun layihəsinin də müzakirəyə çıxarılması gözlənilir.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.3.