Tariximizin qəhrəmanlıq salnaməsi

 

 

   Astara rayon mədəniyyət müəssisələrində - Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, rayon Mərkəzi kitabxanasında, eləcə də kənd klub müəssisələrində qəhrəmanlıq tariximiz olan 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilib.

   Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə fotosərgi və uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Mərkəzin direktoru Hacıbala Ramazanov çıxış edərək 20 Yanvarın şəhidlərimizin xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb.

   Rayon Mərkəzi kitabxanasında “Qəhrəmanlıq və iftixar tariximizmövzusunda tədbir keçirilib. MKS-nin direktoru Tural Eyvazov bildirib ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Metodikabiblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova mövzu ilə bağlı məruzə edib. Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, MKS-nin direktor müavini İlyas Məmmədov və başqalarının çıxışları dinlənilib.

   * * *

   Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “20 Yanvar - Tariximizin şanlı səhifəsi” adlı tədbirin iştirakçıları əvvəlcə “Qanlı Yanvar” sərgisi ilə tanış olublar.

   Mərkəzin direktoru Məhsəti Musa 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədən danışıb. Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərovanın “Qəhrəmanlıq salnaməsi” adlı məruzəsi dinlənilib. Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında ədəbi-bədii kompozisiya və 20 Yanvar hadisələrini özündə əks etdirən sənədli film nümayiş etdirilib.

   * * *

   Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında, şəhər və kənd kitabxana filiallarında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş sərgilər təşkil olunub. Keçirilən tədbirlərdə o dəhşətli gecədə xalqımızın başına gətirilmiş müsibətlərdən, qəhrəman oğulların şücaətindən danışılıb, hadisənin şahidləri xatirələrini bölüşüblər.

   * * *

   Qazax rayon Elmar Hüseynov adına Mərkəzi kitabxanasının oxu zalında “Xalqımızın hüzn və şərəf günü” adlı anım tədbiri keçirilib. Mədəniyyət işçiləri və məktəblilərin iştirak etdiyi tədbirdə MKS-nin direktoru Solmaz Babanlı 20 Yanvarın tarixindən bəhs edib. Tədbirdə Qanlı Yanvara həsr olunmuş videoçarx nümayiş etdirilib. Fəal oxucular 1 saylı Uşaq musiqi məktəbinin şagirdi Tural Mirzəliyevin tarda ifa etdiyi həzin musiqi sədaları altında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyiblər.

   * * *

   Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada keçirilən anım tədbirində MKS-nin direktoru Eldar Urufov 27 il öncə Azərbaycanın tarixinə “Qara Yanvarkimi yazılan faciə haqqında danışıb. Abonement bölməsinin baş kitabxanaçısı Natavan Gözəlova 20 Yanvarın tarixi haqqında geniş məruzə edib, MKS-nin şöbə müdirləri Arifə Güləliyeva və Solmaz Cəfərovanın çıxışları dinlənilib. MKS-nin direktor müavini Nəzakət Salmanova ölməzliyə qovuşan şəhidlər haqqında yazılan povest və hekayələrdən söz açaraq qeyd edib ki, bu əsərlər tariximizi yaşadaraq gələcək nəsillərə ötürür.

   Tədbirin sonunda ”20 Yanvar faciəsi günü” başlıqlı fotokitab sərgisinə baxış keçirilib.

   * * *

   Cəlilabad rayon MKS-də “Şəhidlər ölməz, vətən bölünməz” adlı anım günü keçirilib. MKS-nin direktoru Elçin Hüseynov Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə danışıb. 1990-cı il yanvarın 20-nə keçən gecə müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədildiyini vurğulayıb.

   Çıxışlardan sonra məktəblilərin ifasında hazırlanmış kompozisiyalar tamaşaçılara nümayiş etdirilib.

   * * *

   Balakən rayon Mərkəzi kitabxanasında “Milli qürur günümüz” adlı dəyirmi masa təşkil edilib. Tədbir iştirakçıları şəhidlərimizə həsr olunmuş sərgi ilə tanış olublar.

   MKS-nin şöbə müdiri Ülviyyə Cəfərli “Faciələrimiz unudulmayacaq” adlı məruzə ilə çıxış edib. MKS-nin şöbə müdirləri İ.Qımrıyeva, M.Əhmədova və başqaları çıxış ediblər. Z.Əliyeva adına 3 saylı şəhər orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyblər.

   * * *

   Şabran rayon Mərkəzi kitabxanasının 48 saylı Söhbətli filialında “Qəhrəmanlıq və iftixar tariximiz 20 Yanvar” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Məhəbbət Ələkbərova tariximizin bu qanlı və şanlı səhifəsindən bəhs edib. Digər çıxışlarda şəhidlik zirvəsinə yüksələn vətən oğullarının xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

 

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.5.