Çörəyi daşdan çıxan sənətkar

 

   Sahib Quliyev başqa materiallardan da gözoxşayan miniatür heykəllər düzəldir

  

   Adətən heykəl deyəndə insanın ağlına ilk olaraq böyük fiqurlar gəlir. Bu əzəməti yaradan heykəltəraşa isə içimizdə heyranlığımızı gizlətmirik. Tanınmış heykəltəraş Sahib Quliyev isə yaratdığı kiçik, miniatür heykəlləri ilə diqqəti daha çox çəkir. Elə sənətkarın ustalığı da ondadır ki, kiçik bir forma, həcm içərisində öz bacarığını göstərə bilir.   

   Heykəltəraşla Əhmədlidəki “Rəssamlar evi”ndəki emalatxanasında görüşüb-söhbətləşdim. Mən ora çatanda Sahib müəllim həyətdə mərmərdən heykəl yonurdu. Yeni əsəri bir az müzakirə edib içəri keçdik.

   S.Quliyev 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya gəlib. Bu qədim kənd ölkəmizdə öz orijinal xalçalarıyla məşhurdur. Elə bunun təsiridir ki, heykəltəraş əsərlərində bu xalçaların elementlərindən gen-bol yararlanır.

   O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölümünü bitirdikdən sonra Kiyev şəhərində qranit və mərməryonma üzrə təkmilləşdirmə kursu keçib. 1988-ci ildə isə indiki Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini bitirib. Həmin ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilib. Tələbəlik çağlarından sərgilərdə iştirak etməyə başlayıb. Əsərləri Milli İncəsənət Muzeyində və özəl kolleksiyalarda saxlanılır.

   S.Quliyev Azərbaycanda daha çox daşla işləyən heykəltəraşdır. Onun yaradıcılığının 90 faizi daşdandır. Amma hər daşdan əsər yaratmaz. Onun işlədiyi materialların - qranit və mərmərin, eləcə də başqa dəyərli daşların hamısı doğma yurdumuzundur. O, Qarabağda çıxarılan, ayrı-ayrı rənglərdə olan qranit və mərmərlərdən daha çox istifadə edir. Deyir ki, vaxtilə həmin daşlardan alıb bu günlər üçün saxlayıb. İndinin özündə kimdə həmin daşlardan qalıbsa, alıb istifadə edir.

   “Azərbaycan heykəltəraşlığının, ümumiyyətlə, heykəltəraşlığın əsası daşdır. Bizim qədim qoçat heykəllərimiz hamısı daşdandır” - deyə o, fikrini açıqlayır.

   Sahib müəllim sənətdə, yaradıcılıqda milliliyin tərəfdarıdır. Özübu yolda yorulmadan çalışır. Doğrudan da, onun heykəllərindəki milli forma-biçim, məzmun və naxışlar bizi öz təsirinə asanlıqla sala bilir.

   Özünü sənətdə təsdiq eləmək çox çətindir. Mən həmişə bu işə məsuliyyətlə yanaşmışam. Çalışmışam ki, yaddaqalan işlərim olsun. Bunun üçün orijinallıq gərəkdir. Milli sənəti yaratmaqyaşatmaq üçün təpədən-dırnağa kimi milli olmalısan. Heç görübsünüzmü ki, rus məktəbini bitirənlərdən kimsə muğam oxusun? Mən milli heykəltəraşlığa, rəssamlığa bu ölçüdən yanaşıram. Milli əsər yaratmaq üçün milli dildə düşünməli, danışmalısan”, - deyə heykəltəraş bildirir.

   S.QuliyevinAtilla” (mis, gümüş, qabbro) əsəri həm atın, həm də üzərindəki döyüşçünün əzəmətini əks etdirir. Əsərdə atla böyük sərkərdənin birliyini aydın görürük. Üstəlik, əsərin üzəri xalça naxışlarıyla zəngindir. Əsərdə monumentallıqla dekorativ sənət uğurlu şəkildə bir araya gəlir.

   “Xanəndə” əsəri (mis, qızıl, qranit) milli mövzusuyla yanaşı, modern biçimiylə də maraq doğurur. Heykəltəraşın “Şanapipik” (mis, qızıl, arakəsməli mina, qranit), “Bahar” (mis, gümüş, qrabit), “Ritm” (metal, qızıl, gümüş, daş) əsərləri sənətkar incəliyi, zövqü ilə işlənilib. Özəlliklə son iki əsərdəki forma incəliyi və gözəlliyi, milli ruhdan qaynaqlanan naxışlar insana Qobustan qayaları üzərindəki keçi obrazlarını xatırladır.

   Heykəltəraş yaradıcılığında tarixi şəxsiyyətlər və ədəbi obrazlara da müraciət edib. Bu baxımdan onun “Möminə xatın” (mis, qızıl, daş) və “Şirin” (mis, qızıl, gümüş, daş) əsərləri gözoxşayır. Hər iki əsərdə biçimcə bənzərliklər olsa da, fiqurların üzərindəki zəngin naxışlar sistemi tamam başqadır.

   Sənətkar yaradıcılığında başqa materiallardan da istifadə edir. Ağacdan işlənmiş iki əsəri xüsusi diqqət çəkir. Onlardan biriSaç darayan qadın”dır. O birisi isəAiləadlanır. Hər iki əsəri heykəltəraşın nadir forma tapıntısı saya bilərik. Üstəlik, bu biçimlərə yüklənmiş dərin məzmun sənətkarın ustalığını göstərir.

   Sahib müəllim heykəllərinin çoxunu əlvan metallarla bəzəyir. Misdən düzəltdiyi fiqurları gümüş suyuna salır, daha sonra üzərinə qızıl çəkir, müxtəlif əlvan daşlardan yararlanır.

   S.Quliyev eyni zamanda incəsənətin çağdaş ənənələrinə çox sadiqdir, avanqard əsərləri çoxdur. Bu əsərlərdə o, tapdığı yeni, məzmunlu formanı elə ustalıqla çağdaşlaşdırır ki, tamaşaçı zövqünü oxşayır. Yəni obrazın, predmetin inandırıcılığı avanqard üslubda itmir, əksinə, daha da baxımlı olur. Ayrı-ayrı materiallardan hazırlanmışMöcüzə”, “Oturmuş qadın”, “Dinclik”, “İstirahət”, “Muğam”, “Görüş”, “Leyli Məcnun”, “Park”, “Ana uşaq”, “Yalvarış”, “Oyanma”, “Xəyal s. əsərləri bu sıradandır.

   Beləliklə, istedadlı heykəltəraşın ən böyük uğuru akademizmin hüdudlarını yaradıcı şəkildə aşaraq çağdaş incəsənətin prinsiplərini ustalıqla bilməsidir. Oğlu Vüqar da atasının yolunu seçib. Göz açandan atasının yanında sənətin sirlərini öyrənən Vüqar indi onunla bir emalatxanada müstəqil heykəltəraş olaraq çalışır.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.15.