Vyanada müasir Azərbaycan incəsənəti haqqında mühazirə

 

 

   Gənc rəssam Fərhad Fərzəli Vyana Tətbiqi İncəsənət Universitetində “Azərbaycanda müasir incəsənət səhnəsi” mövzusunda mühazirə ilə çıxış edib. Yanvarın 18-də keçirilən tədbirdə XX və XXI əsrlərdə Azərbaycanda müasir incəsənət sahəsində əsas istiqamət və cərəyanlar, rəssamlar və onların müraciət etdikləri mövzulardan bəhs edilib. Qeyd olunub ki, Sovet İttifaqının süqutu ilə incəsənətdə sosialist realizmi dövrüöz ömrünü başa vurub. Ondan sonra Azərbaycanda müasir sənət məkanında yeni axtarışlara və təsvir texnikalarının tətbiqinə başlanılıb.

   Mühazirədə Faiq Əhməd, Orxan Hüseyn, Sitarə İbrahimova, Babi Bədəlov, Nəzrin Məmmədova və digər rəssamların müxtəlif əsərləri əsasında onların üslubu, müraciət etdikləri mövzu dairəsi, tətbiq etdikləri texnika və digər qrafik, həmçinin multimedial ifadə vasitələri ətraflı izah olunub.

   Tədbirdə Vyana Tətbiqi İncəsənət Universitetinin vitse-rektoru Barbara Putz-Plecko, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Vyana Tətbiqi İncəsənət UniversitetininAvstriya Rəssamlıq Akademiyasının müəllim və tələbələri, müasir incəsənətlə maraqlanan şəxslər və soydaşlarımız iştirak ediblər.

   Çıxışdan sonra F.Fərzəli Azərbaycanda müasir incəsənətin hazırkı vəziyyəti və yaradıcılıq meyillərinə dair sualları cavablandırıb.

   Avropada ilk incəsənət məktəbi olan Vyana Tətbiqi İncəsənət Universiteti 1867-ci ildə yaradılıb. Hər il bu təhsil müəssisəsinə müxtəlif ölkələrdən 2 minə yaxın tələbə qəbul olunur. Fərhad Fərzəli 2012-ci ildə sözügedən universitetdə təcrübə keçib. Rəssam 2011-ci ildə Vyanada Avstriyanın Elm, Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmişArtist-in-residence” proqramında iştirak edib.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.6.