“Gəncləşən sazım”

 

 

   Musiqili gecədə gənc Azərbaycan aşıqları ilə yanaşı, Türkiyə və İrandan da saz ifaçıları iştirak edirdi

  

   Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Gəncləşən sazım” adlı tədbir keçirildi.  

   Tədbirin əsas məqsədi xalqımızın əsrlərdir yaradıb inkişaf etdirdiyi aşıq sənətinin təbliğ edilməsi və qorunub saxlanılmasıdır. Layihə aşıq sənətinin bölgələrdə geniş şəkildə yayılmasını təşviq etməklə sənətə yeni simaların gəlməsinə, gənclərin aşıq sənətinə marağının daha da artırılmasına və istedadlıların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.

   Tədbiri giriş sözü ilə açanFolklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Fəzail Miskinli ölkəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, bu gün Azərbaycan aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub. Dövlət tərəfindən aşıq yaradıcılığına yüksək qiymət verilir. 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy Aşıq Məktəbinin açılması bunun bariz nümunəsidir. Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Layihənin əhəmiyyətini yüksək qiymətləndirən F.Miskinli bugünkü tədbir gənc Azərbaycan aşıqları ilə yanaşı, Türkiyə və İrandan da aşıqların qatıldığını bildirdi.

   Tədbir daha sonra gənc aşıqların ifasında konsert proqramı ilə davam etdi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.2.