Azərbaycanla İran arasında turizm sahəsində əməkdaşlıq müzakirə edilib

 

 

   İki ölkənin regionları arasında qarşılıqlı infoturların təşkilinin vacibliyi vurğulanıb

  

   Yanvarın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Bakıda səfərdə olan İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Mədəni İrsTurizm Təşkilatının rəhbəri Cəlil Cabbari ilə görüşüb.  

   Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

   Bu sahədə əməkdaşlığa zəmin olan zəruri hüquqi bazanın yaradılması və qarşılıqlı turist səfərlərindən bəhs edən şöbə müdiri Aydın İsmiyev viza rejiminin sadələşdirilməsi ilə turist axınının intensivləşdirildiyini bildirib. O, ötən il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki iki ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını deyib.

   Azərbaycanda turizmin inkişafına dair həyata keçirilən islahatlardan danışan şöbə müdiri iki ölkə arasında turist mübadiləsinin daha da artırılması məqsədilə sərhəd məntəqələrində sadələşdirilmiş keçidin təmin olunmasına dair ölkə rəhbərliyi tərəfindən planlaşdırılan işlər barədə məlumat verib.

   Hər iki ölkədə bayram edilən Novruz günlərində İrandan Azərbaycana gələn turist sayının yüksək olacağını qeyd edən görüş iştirakçıları qarşıdan gələn növbəti bayram çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Turizm şöbəsinin müdiri bu il sayının daha da artacağı gözlənilən iranlı turistlər ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbirlərdə, o cümlədən “shopping festivalda iştiraka dəvət edib. Söhbət əsnasında Novruz bayramından əvvəl ölkəmizlə tanışlıq məqsədilə infoturun təşkil olunmasına dair qarşılıqlı maraq ifadə olunub.

   Turizm agentlikləri arasında əlaqələrin qurulması, Azərbaycan regionlarının və İranın Qərbi Azərbaycan vilayətinin mədəni sərvətləri və turizm potensialı ilə tanışlıq məqsədilə qarşılıqlı infoturların təşkili barədə fikir mübadiləsi aparılıb.

   Aydın İsmiyev turizmin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi zərurətini diqqətə çatdıraraq, iki ölkənin müxtəlif regionlarını ziyarət etmək üçün dəmiryolu və su nəqliyyatından (Xəzər dənizi) istifadə, habelə tibbi turizm üzrə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu bildirib.

   Sonda şöbə müdiri İran tərəfini bu il aprelin 6-8-də Bakı şəhərində təşkil olunacaq “AİTF-2017” Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.9.