Ölkəmiz İstanbulda beynəlxalq turizm sərgisində təmsil olunur

 

 

 

   Yanvarın 26-da Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq keçirilən “EMİTT 2017” beynəlxalq turizm sərgisi açılıb. Yanvarın 29-dək davam edəcək sərgidə ölkəmiz də geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

   Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Bakı Turizm İnformasiya Mərkəzi, “Duzdağ” sanatoriyası (Naxçıvan), “Millenium Tourism”, “Dərviş Travel”, “The Tour”, “Aristokrat Travel”, “Via Caucasus”, “Flame Tour and Travelturizm şirkətlərinin nümayəndələri iştirak edir.

   1997-ci ildən bəri İstanbulda keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Bu il sərgiyə 80 ölkədən 5 minədək şirkət qatılıb.

   Respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 78 kvadratmetr sahədə qurulmuş milli stenddə nümayiş olunur. Stenddə qurulmuş monitorlarda ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmləri nümayiş olunur, ziyarətçilərə reklam-çap məhsulları paylanılır, turizm imkanlarımız barədə ətraflı məlumat verilir.

   Azərbaycan stendini ziyarət edənlərə bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” Azərbaycan Qran-prisi haqqında da ətrafı məlumat veriləcək. Həmçinin, ziyarətçilərlə işgüzar görüşlər keçiriləcək və turizm şirkətləri arasında əməkdaşlıq müzakirələri aparılacaq.

  

   F.Hüseynov

  

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.9.