Şəhriyarın farsca yazdığı əsərləri Azərbaycan dilində

 

 

 

   Böyük şair Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri doğma ana dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verilib.

   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə işıq üzü görən “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri” adlı kitaba şairin fars dilində yazdığı əsərlər, həmçinin İranda çıxan “Divan”ından orijinal tərcümələr və Bakıda çap olunmuşSeçilmiş əsərləri”ndəki bədii tərcümə nümunələri daxil edilib. Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, tərtib edən, “ön söz”, qeyd və izahların, eləcə də 52 tərcümənin müəllifi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir, rəyçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Mustafa Mailoğludur.

   Professor V.Əhməd bildirib ki, Şəhriyar yaradıcılığı Qafqaz, ÖnOrta Asiya regionları, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistanbaşqa ölkələrdə ədəbi prosesə ciddi təsir göstərib. Şəhriyar klassik şeirin müxtəlif janr, növ və şəkillərində qələmini sınayaraq fars və Azərbaycan ədəbiyyatını yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, dübeyti, qitə və rübailərlə zənginləşdirib. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, insanların ruhunu oxşayıb. Şəhriyarın farsca yazdığı əsərlərin bir hissəsi Azərbaycanın istedadlı şair və alimləri tərəfindən ana dilinə tərcümə olunub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu bu ənənəni davam etdirir.

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.15.