Daşkənddə kitab sərgisi təşkil olunub

 

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Soyqırımlarına yox deyək” adlı kitab sərgisi təşkil olunub.

   Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Mədəniyyət mərkəzinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

   Mədəniyyət mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova 1918-ci ilin mart ayında Bakıda başlanan və Azərbaycanın müxtəlif bölgələrində davam edən amansız soyqırımının tarixindən bəhs edib.

   Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.13.