Musiqi ilə gələn nəğmə payı aparar

 

   Belə bir deyim var: qılıncla gələni qılıncla da yola salarlar. Bəs musiqi ilə gələni? Yəqin ki, nəğmə payı ilə...

   Yunanıstan Milli Opera Teatrının məsləhətçisi, Amerika Arxeologiya İnstitutunun müxbir üzvü, bəstəkar, ifaçı və müəllim Nikolaos Ksantulis də paytaxtımıza elə musiqi ilə gəlmişdi. N.Ksantulis Azərbaycanda o qədər də tanınmadığı üçün məlumat verək ki, o həm də Afina Konservatoriyasının professoru və tədqiqatçıdır. Uzun illər Yunanıstan Milli Opera Teatrının orkestrində çalışıb. İndiyədək ABŞ, Avstraliya, Kanada, Çin, Rusiya, İsveç, İtaliya və digər ölkələrdə qastrolda olub. Qonağımız həm də qədim yunan musiqi aləti liranın ifaçısıdır.

   Martın 28-də Azərbaycan Milli Konservatoriyasında «Qədim yunan musiqisi, nəzəriyyə və praktikası» mövzusunda danışan N.Ksantulis lirada bir neçə musiqi parçası da ifa etmişdi.

   Ertəsi gün isə liranın həm solo, həm də orkestr ilə səslənişini bol-bol dinləmək şansı paytaxt musiqisevərlərinə nəsib oldu. Çünki lirik poeziyanın rəmzi sayılan bu alətin səsini, onda çalınan qədim və müasir əsərləri dinləmək istənilən vaxt hər musiqisevərə qismət olmur. Odur ki, martın 29-da Beynəlxalq Muğam Mərkəzində «Etnik musiqi inciləri» layihəsi çərçivəsində lira ifaçısını dinləmək fürsətini ötürmədik.

   Yunanıstan Respublikasının Müstəqillik gününə həsr edilmiş tədbir «Bakı virtuozları» kamera orkestrinin ifasında Azərbaycan və Yunanıstanın dövlət himnlərinin səslənməsi ilə başladı. Sonra səfir Nikolaos Kanellos və Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov çıxış edərək ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu söylədilər.

   Səhnəyə çıxan Nikolaos Ksantulis Azərbaycana gəlişindən məmnunluğunu, Bakıya isə heyranlığını ifadə etdi. Ardınca isə dünya musiqi tarixində ilk nəğmə sayılan “Seykilosun epitafiyası” adlı mahnını yunan, ingilisrus dillərində ifa etməklə salona toplaşanları heyrətləndirdi. İkinci musiqi nömrəsi isə Nikolaos Ksantulisin öz bəstəsi olan «Lira ilə orkestr üçün konsert» oldu. Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi «Bakı virtuozları» orkestri ilə birlikdə səslənən konsertin Bakıda ilk ifasına şahidlik etdik. Amma sürprizlər davam edirdi. Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov XVIII əsr bəstəkarı Kristof Villibald fon Qlükün «OrfeyEvridika» operasından Orfeyin ariyasını, Georq Fridrix Hendelin «Rinaldo» operasından titul partiyanın ariyasını, orkestrin solisti Rövşən Əmrahov isə Qara Qarayevin «Yeddi gözəl» baletindən Ayişənin rəqsini, «OrfeyEvridika» operasından melodiyanı skripkada solo ifa etdi.

   Bu konsertdə daha iki musiqi parçası səsləndi ki, həmin əsərlər Nikolaos Ksantulisin bu qastrola ciddi, Azərbaycan tərəfinin isə həvəslə hazırlaşdığından xəbər verirdi. İllərdən bəri Bakıda yaşayan və çalışan italyan bəstəkar Stefano Muskaritolonun «A Zacinto» əsəri ilk dəfə olaraq İlham Nəzərov ilə Nikolaos Ksantulisin ifasında səsləndi. Salonda əyləşmiş müəllif də səhnəyə qalxaraq təbrik alqışlarını ifaçılar ilə paylaşdı.

   Nikolaos Ksantulis ilə kontratenor İlham Nəzərovun növbəti dueti - məşhur «Sadness» mahnısı ilə başlayaraq «Sarı gəlin» xalq mahnısına keçdi.

   Beləcə, qədim dövrlərdən bu günümüzün çağdaş bəstəkarının əsərinədək ən müxtəlif melodiyaların səsləndiyi konsert təkcə ən qədim simli musiqi alətlərindən sayılan lira ilə tanışlıqla deyil, həm də ölkələrxalqlar arasında dostluğun, mədəniyyətin insanları birləşdirən ən mühüm dəyər olduğuna inamın təntənəsi ilə yadda qaldı.

  

   Gülcahan Mirməmməd

Mədəniyyət.- 2018.- 4 aprel.- S.10.