Kamança ifaçılığı üzrə müsabiqənin ilk tur dinləmələri

 

   Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən ölkəmizdə kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, dəstəklənməsi, məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gənc ifaçıların II Respublika müsabiqəsi keçirilir.

   Aprelin 3-də Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi şəhər və rayonlardakı uşaq musiqi və incəsənət məktəblərində kamança ixtisası üzrə təhsil alan uşaq və gənclər arasında müsabiqənin region üzrə I turu keçirilib.

   Şəki şəhərində təşkil olunan tədbirdə regional idarənin rəisi Mirvari Zeynalova çıxış edərək ifaçılara uğurlar diləyib. İdarənin məsləhətçisi Xatirə Səlimli müsabiqənin qaydaları haqqında məlumat verib. Müsabiqədə region üzrə 13 şagird iştirak edib. Hər şagird üç musiqi nömrəsi ifa etməklə qabiliyyətini göstərib. Münsiflər heyətinin rəyinə əsasən, 7 şagird növbəti tura vəsiqə qazanıb.

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.7.