“Kapitanın taleyi

 

   Anar Məmmədxanov haqqında kitabın təqdimatı olub

  

   Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın rus dilində nəşr olunanAnar Məmmədxanov. Kapitanın taleyi” (“Anar Mamedxanov. Sudba kapitana”) kitabının təqdimat mərasimi keçirilib.  

   90-cı illərin məşhur “Bakılı oğlanlar” KVN (“Şən və hazırcavablar klubu”) komandasının kapitanı, millət vəkili Anar Məmmədxanovun (1970-2011) vəfatının ildönümü ərəfəsində çapdan çıxan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

   Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

   Tədbirin aparıcısı, “Bakılı oğlanlar” komandasının sabiq üzvü Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu söyləyib.

   Müəllif Elmira Axundova mərasimdə çıxış edərək bildirib ki, bu, Anar Məmmədxanovla bağlı nəşr edilən dördüncü kitabdır. O deyib: “Mən Anar Məmmədxanov haqqında yazılan əvvəlki kitabları oxudum, onunla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə bir ehtiyac hiss etdim. Əslində bu kitab təkcə mənim yox, bu zalda əyləşən tanınmış şəxslərin birgə məhsuludur”.

   Elmira Axundova kitabın ərsəyə gəlməsində ona göstərdikləri köməyə görə Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovaya və bacısı Naidə Məmmədxanovaya təşəkkürünü bildirib.

   Xalq yazıçısı Anar çıxışında bildirib ki, belə bir kitabın yazılması cəmiyyətimiz üçün töhfədir. Anar Məmmədxanov kimi yüksək təşkilatçılıq qabiliyyətinə malik, istedadlı bir insanı yaxından tanımaq gənclərimiz üçün çox faydalıdır. Elmira Axundova kitabda bununla bağlı nə lazımdırsa təqdim edib.

   Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanov haqqında, “Bakılı oğlanlar”ın fəaliyyəti, Moskvada qazandıqları qələbələr barədə xatirələrini bölüşüb, belə bir kitabı ərsəyə gətirdiyi üçün Elmira Axundovaya təşəkkür edib.

   Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanova qardaşının keçdiyi ömür yolundan söz açıb. Diqqətə çatdırıb ki, Elmira Axundova bu kitabda Anarı tanıyan və sevən insanların onunla bağlı xatirələrini toplayıb. Bu, böyük zəhmətdir. Beləliklə, çox maraqlı bir nəşr ərsəyə gəlib.

   “Bakılı oğlanlar” komandasının keçmiş üzvləri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digərləri Anar Məmmədxanovla bağlı hazırladıqları, indiyə qədər yayımlanmamış görüntüləri təqdim edib, təəssüratlarını bölüşüblər.

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.12.