“Aşıq musiqisi axşamları”nda “Yada salaq Aşıq Ədaləti”

 

   Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyi ilə birgə həyata keçirilən “Aşıq musiqisi axşamları” layihəsində növbəti tədbir keçirildi. Budəfəki saz-söz məclisi ustad sənətkar, Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun xatirəsinə həsr olunmuşdu.   

   Yada salaq Aşıq Ədaləti” adlı ədəbi-musiqili proqramın ssenari müəllifi və rejissoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova idi.

   Tədbirin aparıcısı Çiçək Mahmudqızı sənətkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. Qeyd edildi ki, ulu aşıq sənətimizin, saz ifaçılığının yaşadılmasında, inkişafında Ədalət Nəsibov kimi sənətkarların müstəsna xidmətləri var. Onun ifasında yüzlərlə sənət incisi, saz havası bu gün gənc aşıqlar üçün bir örnəkdir. 14 sentyabr 2017-ci ildə 78 yaşında vəfat edən ustadın sənəti, saz ifaçılığı unudulmaz lent yazılarında yaşayır və yaşayacaq.

   Gecədə “Dədə Ədalət” sənədli filmindən parça nümayiş olundu.

   Sonra Ramin Qarayev, Şəhriyar Şahverdiyev, Rəfiqə Göyçəli, Zülfiyyə İbadova, Avdı Musayevbaşqa aşıqların ifasında saz havaları səsləndi.

  

   Savalan

Mədəniyyət.- 2018.- 13 aprel.- S.3.