Moskva Konservatoriyasında Qara Qarayevin yubileyinə həsr edilmiş gecə

 

   Aprelin 9-da P.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında XX əsrin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.  

   Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş xatirə gecəsinin birinci hissəsində Qara Qarayevin müəllimi və dostu, böyük bəstəkar Dmitri ŞostakoviçinHamlet” kinofilminə yazdığı musiqidən süitaP.İ.Çaykovksi adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin atasının xatirəsinə həsr etdiyiVida rapsodiyası” səslənib.

   Sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Fərhadov gecədə çıxış edərək Qara Qarayevin yaradıcılığı barədə məlumat verib.

   Sonra dirijor Anatoli Levinin rəhbərliyi ilə Moskva Konservatoriyasının Simfonik Konsert Orkestrinin müşayiəti ilə Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebski çıxış ediblər.

 

  Mədəniyyət.- 2018.- 13 aprel.- S.5.