Milli vokal sənətinin görkəmli nümayəndəsi

 

   SSRİ Xalq artisti Lütfiyar İmanovun xatirəsi anıldı

  

   Aprelin 17-də görkəmli opera müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyi tamam oldu. Bu münasibətlə həmin gün Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olundu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri müğənninin məzarı önünə tər çiçəklər düzərək, xatirəsini yad etdilər.  

   Nazir müavini Ədalət Vəliyev çıxış edərək Lütfiyar İmanovun həyat və fəaliyyətindən söz açdı. Bildirdi ki, Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş görkəmli sənətkar 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Kiçik yaşlarından musiqiyə, teatra həvəs göstərib. Sabirabad rayonunda fəaliyyət göstərən teatrda aktyor kimi özünü sınayıb. Bakıda Asəf Zeynallı adına Musiqi Məktəbində, daha sonra Azərbaycan İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. 1958-ci ildən ömrünü Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına bağlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş rolu elə məharətlə ifa edib ki, vətənə qayıdan kimi ona Əməkdar artist fəxri adı verilib.

   Vurğulandı ki, Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni mərhələ təşkil edir. Onun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunub.

   Ədalət Vəliyev qeyd etdi ki, Lütfiyar İmanovun yaradıcılığı yeni sənətkarlar nəsli üçün örnəkdir. O, 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri Cəmiyyətinin sədri olub, həmçinin Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1998-ci ildə “İstiqlalordeni ilə təltif olunub. Sənətkar 21 yanvar 2008-ci ildə vəfat edib.

   Nazir müavini bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görkəmli sənətkarın 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.

   Daha sonra çıxış edən xalq artistləri Azərpaşa Nemətov və Siyavuş Kərimi sənətkarın ömür yolu və yaradıcılığının özünəməxsusluğundan danışdılar, onun musiqi mədəniyyətimizdə rolunu qeyd etdilər. Diqqətə çatdırıldı ki, Lütfiyar İmanov uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsində mühüm xidmətlər göstərib.

   Sənətkarın ailəsi adından oğlu Rauf İmanov çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirdi.

  

   Fariz Hüseynov

Mədəniyyət.- 2018.- 18 aprel.- S.4.