UNESCO-da ölkəmizin mədəniyyətlərarası dialoqa töhfəsindən danışılıb

 

   Aprelin 18-də Parisdə, UNESCO-nun baş qərargahında qurumun “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclası keçirilib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə tədbirdə iştirak edib.

   Təşkilatın baş direktorunun sosialhumanitar məsələlər üzrə müavini Nada Al-Naşif iclası açaraq, mədəniyyətlərarası dialoqun əhəmiyyəti, o cümlədən Azərbaycanın bu istiqamətdə töhfələrindən bəhs edib.

   Tədbir çərçivəsində Vasif Eyvazzadə və daimi nümayəndə Anar Kərimov Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti və “Bakı Prosesinin tarixi və əhəmiyyətinə dair təqdimatla çıxış ediblər.

   Daha sonra V.Eyvazzadənin UNESCO baş direktorunun müavini Nada Al-Naşif və təşkilatın mədəniyyətlərarası dialoqa cavabdeh olan departamentinin əməkdaşları ilə görüşü olub.

   Görüşdə UNESCO yanında daimi nümayəndə Anar Kərimov “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik layihə”yə həsr olunan tədbirdə Azərbaycana xüsusi yer ayrıldığına görə Nada Al-Naşifə təşəkkür edib və ölkəmizin “Bakı Prosesi” çərçivəsində qurumla sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib.

   Vasif Eyvazzadə “Bakı Prosesinin qlobal hərəkata çevrilməsində UNESCO-nun dəstəyinə görə təşəkkür edərək növbəti mərhələdə bu beynəlxalq təşəbbüsün prioritetləri barədə məlumat verib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq beynəlxalq təşkilatlarda və xarici ölkələrdə “Bakı Prosesinin 10 illiyinə həsr olunan təqdimatların keçirilməsinə başlanıldığını diqqətə çatdırıb.

   Nada Al-Naşif UNESCO-nun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, Dünya Mədəniyyətlərarası Dialoq Forumunu və “Bakı Prosesini mədəniyyətlərin dialoqu üçün əsas platforma kimi gördüklərini qeyd edib.

   Daha sonra növbəti il üçün əsas plan və layihələr barədə müzakirə aparılıb.

Mədəniyyət.- 2018.- 20 aprel.- S.2.