Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə baxış - 100 ildən sonra

 

 

   M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: 100 ildən sonra baxış” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə təşkil olunub.

   Konfransın aparıcısı, tarix elmləri namizədi, MDU-nun Yaxın xarici ölkələr kafedrasının dosenti İsmail Ağakişiyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən danışıb.

   Tarix fakültəsinin dekanı İvan Tuçkov AXC-nin yaradılmasını tarixdə önəmli hadisə adlandıraraq bildirib ki, Rusiyada baş verən 1917-ci il inqilabı tarixin gedişini dəyişib. Qeyd edib ki, nə qədər faciəvi olsa da, XX əsrin əvvəllərində baş vermiş hadisələrin ətraflı öyrənilməsi vacibdir.

   Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Prezident İlham Əliyev AXC-nin 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb və tədbir həmin sərəncama uyğun olaraq keçirilir. Diplomat deyib ki, Yaxın Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradılması böyük hadisədir. Vurğulayıb ki, AXC-nin yaradıcıları olduqca mürəkkəb vəziyyətdə dövlət quraaz müddət - 23 ay fəaliyyət göstərmələrinə baxmayaraq, böyük işlər görüblər.

   Təhsil nazirinin müavini Firudin Qurbanov xatırladıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərin araşdırılması üçün ilk Fövqəladə İstintaq Komissiyasının yaradılması da AXC-nin adı ilə bağlıdır. F.Qurbanov 1918-ci ildə erməni daşnak dəstələri tərəfindən törədilmiş mart soyqırımı zamanı ən böyük qırğınlardan birinin Şamaxı Cümə məscidində baş verməsindən, Prezident İlham Əliyevin tapşırığı ilə həmin məscidin yenidən qurulmasından danışıb. Nazir müavini deyib ki, ölkəmizdə bütün tarixi abidələr, o cümlədən Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur.

   Tarix fakültəsinin dekan müavini Oksana Solopova AXC-nin yarandığı dövrdə bir çox Azərbaycan ziyalılarının Rusiyanın müxtəlif ali məktəblərində təhsil aldıqlarını və ölkənin elmi, mədəni, siyasi həyatında mühüm rol oynadıqlarını bildirib.

   Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, AMEA Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev və başqaları çıxış ediblər.

   Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş “1919-1940-cı illər Paris arxividördcildliyinin təqdimatı olub.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.4.