Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə tədbirlər

 

   18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil edilib.

   XIV əsrə aid tikili, ölkə başçısının sərəncamı ilə bu yaxınlarda təmir-bərpa edilmiş Bərdə türbəsi qarşısında keçirilən tədbirdə regional idarənin məsləhətçisi Validə Nabatova, Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Rüstəm İslamlı və digər çıxış edənlər əlamətdar gündən, şəhərin tarixi irsindən söz açıblar.

   Şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin açıq havada çəkdikləri rəsmlər sərgilənib, konsert proqramı təqdim edilib.

   Regional idarənin Yevlax şəhər nümayəndəliyinin keçirdiyi tədbirə şəhərdəki Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyinin əməkdaşları, abidə mühafizəçiləri qatılıb. Zəngin tariximizin gənc nəsillərə tanıdılmasında mədəniyyət müəssisələrinin fəaliyyətindən danışılıb.

   Mingəçevir şəhərindəki Tarix muzeyində isə “Məhv olmuş abidələr” adlı dəyirmi masa keçirilib.

   * * *

   Zaqatala rayon MKS tərəfindən Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə XIX əsrə məxsus olan Zaqatala qalasına ekskursiya təşkil edilib. Gəzintidən öncə rayon Mərkəzi kitabxanasında tarix üzrə fəlsəfə doktoru Qüdrət NiyazoğlununZaqatala tarixi abidələri” adlı kitabının təqdimatı keçirilib. Müəllifin iştirak etdiyi mərasimdə MKS-nin direktoru Gülniyar Məmmədova Azərbaycanın UNESCO-nun Dünya irs siyahısına salınan tarixi abidələri haqqında danışıb. Sonra tədbir iştirakçıları Zaqatala qalasına ekskursiya ediblər.

  

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.15.