Mədəniyyətə böyük dəyər verən görkəmli oftalmoloq alim

 

   Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş sərgi

  

   Aprelin 24-də Bakıdakı “Qalereya 1969” salonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş sərgi keçirildi. Sərgi Mədəniyyət Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.  

   Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışdı, sərgi haqqında məlumat verdi. Qeyd olundu ki, sərgidə Azərbaycan rəssamlarının 23 əsəri nümayiş olunur: “Bu əsərlər Zərifə xanıma, eləcə də Azərbaycan qadınlarına həsr olunub. Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətlər qurub. O, eyni zamanda evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, istedadlı və bilikli övladlar böyüdüb. Bu sənət əsərləri də Zərifə xanımın əziz xatirəsinə ehtiramın nümunəsidir”.

   Mədəniyyət naziri Əbülfəs Qarayev Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan geniş söz açdı. Vurğuladı ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb: “Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Akademik Zərifə xanım Əliyeva haqqında tədbirlərin mədəniyyət ocaqlarında keçirilməsi onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərdən irəli gəlir. Ulu öndər Heydər Əliyev və ailəsi mədəniyyət və incəsənətə hər zaman böyük qayğı göstərib. Zərifə xanım da Azərbaycan mədəniyyətinə öz diqqətini heç vaxt əsirgəməyib”.

   Bildirildi ki, tarixən Azərbaycanda qadına, anaya böyük sevgi, hörmət bəslənilib. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətində dünyanın bir çox ölkələrindən öncə qadınlara səsvermə hüququ verilib. Bu da qadınların cəmiyyətimizdə nə qədər önəmli yer tutduğunu bir daha sübut edir.

   Nazir vurğuladı ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqojiictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

   Daha sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.

   Akademikin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

   Sonda tədbir iştirakçıları sərgiyə baxdılar.

  

   Fariz Hüseynov

Mədəniyyət.- 2018.- 25 aprel.- S.3.