Milli Dram Teatrının direktoru Bolqarıstanda yaradıcılıq görüşləri keçirəcək

 

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov 26-29 aprel tarixində Bolqarıstana səfər edəcək.

   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər Azərbaycanın Mədəniyyət Nazirliyinin və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

   A.Nemətov bildirib ki, Bolqarıstan Akademik Milli Dram Teatrının rəhbərliyi Azərbaycanın bu ölkədəki səfirliyi vasitəsilə yaradıcılıq əməkdaşlığı qurmaqla bağlı müraciət edib. Eyni zamanda, Bolqarıstanın teatr xadimləri azərbaycanlı müəlliflərin əsərləri ilə maraqlanıblar: “Onlara klassikmüasir əsər nümunələrini göndərmişik. Bolqarıstan Akademik Milli Dram Teatrının dəvəti əsasında reallaşan səfərdə xarici teatr mütəxəssisləri, menecerlər iştirak edəcəklər. Bilirsiniz ki, Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq festivalda ötən il uğurla iştirak etdi. Bu ilfestivalda Samuel BekketinKreppin son lent yazısı” pyesi əsasında hazırlanan tamaşa ilə iştirak edəcəyik. Səhnə əsəri ingilis dilində oynanılacaq”.

   Səfər çərçivəsində Bolqarıstanın Mədəniyyət Nazirliyində və Beynəlxalq Teatr İnstitutunun Bolqarıstan Milli Mərkəzində görüşlər keçiriləcək, teatr rəhbərləri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılacaq.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.3.