Qırğızların əfsanəvi şair-ozanı

 

 

   XIX əsrin sonu - XX əsrin birinci yarısı qırğız xalq ədəbiyyatının nümayəndələri arasında Toktoqul Satılqanovun məxsusi yeri var. Keşməkeşli həyat yaşayan sənətkarın əsərləri xalq tərəfindən rəğbətlə qarşılanıb.

   Toktoqul Satılqan oğlu Satılqanov 25 oktyabr 1864-cü ildə Qırğızıstanın vilayətinin Quşçusu kəndində ozan ailəsində anadan olub. Yeniyetmə çağlarından şeir yazmağa başlayıb. Onun ədəbi yaradıcılığa meyllənməsində o zamanın ünlü şairləri Naken, Esenaman, Çondunun şeirləri böyük rol oynayıb. O daha çox bədahətən söylədiyi nəsihətamiz şeirləri ilə şöhrət qazanır. “Alimkan”, “Süyümkan”, “Güllə”, “Nəsihət”, “Sanat”, “Dünya”, “Ömürkimi fəlsəfi şeirləri və bir çox qopuz bəstələri onu xalq arasında sevdirir.

   Qırğız yazıçısı Tölöqon Qasımbekov “Gəlgəl” romanında Toktoqulun həyatından bəhs edir. Qeyd edir ki, məşhur qopuz ustası və ifaçısı Niyazalı Toktoqulu himayəsinə götürür, ona yalnız çalıb-oxumağı deyil, qopuz düzəltməyi də öyrədir. T.Satılqanov da qısa vaxt ərzində həm qopuz düzəldən usta, həm də məclislərdə günlərlə dastan söyləyən sənətkar kimi tanınır. O, yalnız şifahi ədəbi nümunələri söyləməklə kifayətlənmir, özü də gündəlik həyatda baş verənləri, gördüklərini musiqinin dili ilə dinləyicilərə çatdırır.

   T.Qasımbekovun yazdığına görə, Toktoqul varlı Suvan ailəsinin qızını istəyir. Ancaq bir çox aşıq və şairlər kimi onun da sevgisi uğursuz olur. Tanınmış şəxslər elçiliyə getsələr də, nəticə hasil olmur. Bundan çox inciyən Toktoqul Suvana tənqidi şeirlər yazır və məclislərdə oxuyur. Nəğmələrində aşıqlığın var-dövlətdən üstün olduğunu söyləyir. Deyir ki, var-dövlət bir qəza nəticəsində əldən gedə bilər. Amma aşıqlıq Allah vergisidir. Aşığı xalq sevər və onu qəlbində yüz illərcə yaşadar.

   Toktoqul şeirlərində vətənini işğal edən Çar Rusiyasını, onlara yarınan yerli məmurları da tənqid edir. Xalq tərəfindən sevilən şeirləri rus məmurlarını bərk narahat edir. Şairi cəzalandırmaq istəsələr də, xalq arasındakı nüfuzundan çəkinirlər. Lakin onu bölgə məmurlarını ifşa edən “Beş qaban” şeirinə görə həbs edirlər. Bir müddət həbsdə qalan şairdən rus məmurlarını, yerli bəyləri, mirzələrı, imkanlı və nüfuzlu şəxsləri tənqid edən nəğmələr oxumaması tələb edilir. Amma Toktoqul bu şərtlərə əməl etməkdən imtina edir.

   Araşdırmalarda isə göstərilir ki, Toktoqul 1898-ci ildə Əndicanda Çar Rusiyasına qarşı baş qaldıran üsyanda da fəal iştirak edib. Sazı-sözü ilə üsyançıları işğalçılara qarşı savaşda dönməz olmağa ruhlandırıb. Üsyan yatırıldıqdan sonra Toktoqul həbs edilir. Ona edam cəzası kəsilsə də, bu cəza Sibirə sürgünlə əvəz olunur. Sibirin sərt təbiəti ozanı ruhdan salmır. Orada dörd il nəzarət altında və ağır şəraitdə işləyir. Nəhayət, sürgündən qaçmağa müvəffəq olur və 1910-cu ildə doğma məmləkətinə gəlib çıxır. Lakin bu zaman artıq atası və qardaşı vəfat etmiş, həyat yoldaşı isə başqası ilə ailə qurmuşdu. Onu yalnız gözlərinin işığını itirən anası qarşılayır. O, auldan aula gedərək çar məmurlarından gizlənir.

   1913-cü ildə onu yenidən həbs edirlər. Bu zaman artıq bütün Cənubi Qırğızıstanda Toktoqulun azad olunması ilə bağlı hərəkat başlayır. Şair azadlığa çıxdıqdan sonra ifaçılıq fəaliyyətini davam etdirir. Bəstələdiyi mahnıları ifa etməklə yanaşı, məclislərdə xalq dastanlarını söyləyir. O dövrdə qırğız xalqının tanınan şairlərindən Korqol, Alimkul, Barpi, Kalik, Osmankul və başqaları özlərini Toktoqulun şagirdi hesab ediblər.

   Təəssüf ki, onun bir çox şeirləri zamanında yazıya alınmayıb. Ancaq xalq bu şeir və nəğmələri hafizəsində yaşadıb.

   Qırğızıstanda sovet hakimiyyəti qurulandan sonra şair insanlar arasında dostluğu, qardaşlığı təbliğ edən əsərlər qələmə alır. Lakin yeni dövrün ideologiyası əsasında yazdığı ədəbi nümunələr qəbul olunmur. 1928-ci ilin payızında Toktoqulun da dəvət olunduğu xalq istedadlarına baxışda onun şeirindən istifadə edilmir. Şair, bununla bağlı rəhbərliyə müraciət etsə də, ona əhəmiyyət verilmir. Doğma kəndinə qayıdan Toktoqul 1933-cü ilin fevralında vəfat edir.

   Ölümündən 4 il sonra onunla bağlı anım tədbirlərinin keçirilməsinə qərar verilir. Əsərləri toplanaraq kitab halında nəşr edilir. Qırğız mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrə görə Toktoqulun adı Qırğızıstan Dövlət Filarmoniyasına, ölkənin bir çox yaşayış məntəqələrinə və məktəblərə verilir. Mədəniyyət sahəsində onun adı ilə Dövlət mükafatı təsis edilir. 1938-ci ildə nəğmələri və bir il sonra isə “Toktoqulun həyatı” adlı kitab işıq üzü görür.

   Onu da qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən şairin 150 illiyi münasibətilə 2014-cü ilToktoqul Satılqanov ilielan edilib. Bir sıra türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda ozanın yubiley tədbirləri keçirilib, kitabları nəşr olunub.

  

   Savalan Fərəcov 

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.15.