İstanbulda Azərbaycan musiqisi gecəsi

 

 

   Türkiyənin İstanbul şəhərindəki “Grand Pera Cercle d’Orientsalonunda Azərbaycanın böyük bəstəkarı, dünya şöhrətli musiqiçi Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə konsert təşkil edilib.

   Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən gecədə konsertmeyster Nərgiz Əliyevanın müşayiəti ilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistləri - Xalq artisti Samir Cəfərovla Əməkdar artist Afaq Abbasovanın ifaları dinlənilib. “Azərbaycan musiqi şöləni!” şüarı ilə keçirilən konsert musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

   Tədbirdə çıxış edən nazirliyin Türkiyədəki nümayəndəliyinin rəhbəri Nurlana Çakmak bildirib ki, konsert Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan Qara Qarayevin yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı çərçivəsində görülən işlərin tərkib hissəsidir.

   Məlumat verilib ki, bu silsilədən daha iki konsert proqramı təşkil olunacaq.

   Aprelin 28-də "Qrand Pera Tiyatro Salonu"nda əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Səbuhi İbayev və xanəndə Nigar Şabanova istanbulluları muğam gecəsinə dəvət edəcəklər.

   Mayın 2-də isə Elçin Şirinovun kvarteti, Xalq artisti Ənvər Sadıqov, Arslan Növrəsli öz musiqi qrupları ilə etno-caz gecəsində çıxış edəcəklər.

  

Mədəniyyət.- 2018.- 27 aprel.- S.3.