Sənətkarla vida mərasimi

 

Görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə son mənzilə yola salındı

İyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatları laureatı Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif yaradıcılıq təşkilatları adından da əklillər düzülmüşdü. Sənətkarın həmkarları, dostları, tələbələri mərhuma son mənəvi borclarını verirdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək Xəyyam Mirzəzadənin vəfatını Azərbaycan musiqi mədəniyyətində böyük itki kimi dəyərləndirdi. Nazir Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan bəstəkarın keçdiyi sənət yolunu xatırladaraq onun haqqında fikirlərini  bölüşdü.

Qeyd etdi ki, Xəyyam Mirzəzadənin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri var: “Geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb. Onun yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. O, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xorkamera əsərləri sənətkara geniş şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyır. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub. O, 10 ilə yaxın Tehranda dərs deyib, eyni zamanda dünyanın bir sıra ölkələrində ustad dərsləri keçib”.

Vurğulandı ki, bəstəkar geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. Hər bir məsələyə orijinal münasibəti, sənətə fərdi baxışları ilə seçilirdi. Sənətkar haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə ifa olunub. 30-dan artıq filmə, tamaşalara musiqi bəstələyib. Onun musiqiləri hər zaman səslənəcək.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira QafarovaÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən söz açdılar. Qeyd olundu ki, Xəyyam Mirzəzadə çox gözəl pedaqoq idi, tələbələr onu çox istəyirdi. Onun yetişdirdiyi tələbələr nəinki ölkəmizdə, dünyanın bir çox yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirildi ki, gözəl təşkilatçı olan Xəyyam Mirzəzadə təkcə bəstəkarların yox, həm də rəssamların, yazıçıların dostu idi.

Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salındı.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırıldı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 4.