“Dilim varsa, mən varam”

 

Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş konfrans

 

İyulun 31-də “Park İnn” hotelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda konfrans keçirildi. Tədbir 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuşdu.

Fondun icraçı direktoru Mehman İsmayılov tədbiri açaraq mövzunun əhəmiyyətindən danışdı. Bildirdi ki, tədbirdə milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında Azərbaycan dilinin yeri, inkişaf mərhələləri kimi mövzuların müzakirəsi aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına xüsusi diqqətindən danışdı. Bildirdi ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində reallığa çevrildi. Ulu öndər bütün sahələrdə olduğu kimi, dilimizin inkişafına da böyük qayğı ilə yanaşıb. Ümummilli liderin 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı imzaladığı sərəncam bunun bariz nümunəsidir.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “Qloballaşma dövründə dilimizin saflığının qorunması məsələsi”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmova “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədov “Dini ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzusunda məruzələr etdilər.

Məruzələr ətrafında çıxış və müzakirələr oldu.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 1 avqust.- S. 5.